"Zəngəzur dəhlizi ölkəmizə yeni tranzit imkanları açır" - ŞƏRH EDİLDİ

5 Sentyabr 2025 16:56 (UTC+04:00)

"Zəngəzur dəhlizi həm Azərbaycan, həm də region üçün çox strateji bir layihə hesab olunur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Abdullayev deyib.

O bildirib ki, bu layihə yalnız geosiyasi baxımdan deyil, eyni zamanda iqtisadi, humanitar və milli əhəmiyyəti baxımından da seçilir: "Əgər geosiyasi əhəmiyyətinə nəzər salsaq, görərik ki, bu dəhlizin açılması ilə Azərbaycanla Naxçıvan arasında birbaşa quru əlaqəsi yaradılacaq. Beləliklə, ölkəmizin ərazi bütövlüyü nəqliyyat baxımından tam təmin olunmuş olacaq.

Digər tərəfdən, bu dəhliz Türkiyə ilə Azərbaycan arasında yeni bir nəqliyyat bağlantısı yaradacaq və bu da Mərkəzi Asiya ölkələri ilə əlaqələri daha da gücləndirəcək. Bu isə bölgədə güc balansının dəyişməsinə səbəb ola bilər. Nəticədə Azərbaycan və Türkiyənin strateji mövqeyi daha da möhkəmlənəcək. İqtisadi baxımdan da layihənin əhəmiyyəti böyükdür. Zəngəzur dəhlizi ilə Azərbaycan, Türkiyə, Rusiya və Orta Asiya ölkələri üçün yeni nəqliyyat və ticarət marşrutları açılmış olacaq. Bu da malların daşınma vaxtını və xərcini azaldaraq regional ticarəti canlandıracaq.

Layihə eyni zamanda humanitar və milli baxımdan da böyük önəm daşıyır. Naxçıvanda yaşayan vətəndaşlarımızın birbaşa paytaxt Bakı və digər bölgələrlə əlaqəsi təmin olunacaq. Bu da ölkə daxilində həm milli birliyi, həm də sosial-iqtisadi inkişafı gücləndirəcək. Nəticə olaraq deyə bilərəm ki, Zəngəzur dəhlizi sadəcə bir yol deyil, bu, Azərbaycanın Türkiyə və Naxçıvanla birləşməsini təmin edən, regiondakı güc balansını dəyişdirən və ölkəmizə yeni tranzit imkanları açan böyük geosiyasi, iqtisadi və milli layihədir".