"Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən Böyük Qayıdış proqramı ölkənin sosial-iqtisadi inkişafında mühüm mərhələ təşkil edir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Alıoğlu deyib.
O bildirib ki, bu proqram çərçivəsində həm infrastrukturun bərpası, həm də yeni yaşayış məntəqələrinin salınması istiqamətində genişmiqyaslı işlər görülür: "Məqsəd yalnız əhalinin doğma torpaqlara qayıdışını təmin etmək deyil, həm də bölgənin davamlı inkişafını və sosial rifahını təmin etməkdir.
İnfrastruktur sahəsində artıq mühim nəticələr əldə olunub. Ağdam, Cəbrayıl, Zəngilan istiqamətlərində yolların çəkilişi sürətlə aparılır. Muradxanlı tuneli kimi mühim nəqliyyat obyektləri istifadəyə verilib. Bu tunel hazırda MDB məkanında ən uzun tunel kimi qeyd olunur. Eyni zamanda, beynəlxalq əhəmiyyətli hava limanları – Füzuli və Zəngilan hava limanları artıq fəaliyyət göstərir. Laçın hava limanının inşası isə davam edir. Enerji təminatının bərpası isə xüsusi önəm daşıyır. Qarabağ Günəş Elektrik Stansiyasının əsası qoyulub, ərazilərdə 6-11 elektrik stansiyası bərpa edilib. Bununla yanaşı, “yaşıl enerji zonası” konsepsiyası əsasında günəş və su elektrik stansiyalarının qurulması planlaşdırılır.
Yaşayış məntəqələrinin bərpası da proqramın əsas istiqamətlərindən biridir. Hazırda 8 şəhər və 22 qəsəbənin yenidən qurulması nəzərdə tutulur. “Ağıllı kənd” layihəsi əsasında Zəngilanın Ağalı kəndində ilk pilot layihə icra olunub. Məktəblər, xəstəxanalar, mədəniyyət və idman obyektləri tikilir, inzibati binalar istifadəyə verilir. Eyni zamanda, iqtisadi zonaların yaradılması və sənaye parklarının qurulması bölgənin iqtisadi gücünü artırır. Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası”, Zəngilanda “Dost Aqropark”, həmçinin digər sənaye parkları artıq fəaliyyətə başlayıb. Bu layihələr minlərlə iş yerinin açılmasına və kənd təsərrüfatının canlanmasına şərait yaradır. Hal-hazırda 100 min hektara yaxın ərazi əkin dövriyyəsinə cəlb olunub, yüz minlərlə xırda buynuzlu və iri buynuzlu heyvan təsərrüfatı bölgədə yerləşdirilib.
Turizm potensialı da xüsusi diqqət mərkəzindədir. Şuşa, Kəlbəcər və Laçın rayonlarında turizm infrastrukturunun inkişafı planlaşdırılıb. “Yaşıl enerji” konsepsiyası əsasında ekoturizm layihələri də həyata keçirilir. Bütün bu tədbirlər Qarabağ və Şərqi Zəngəzurun yalnız bərpasını deyil, həm də müasir tələblərə cavab verən inkişafını təmin edir. Beləliklə, Böyük Qayıdış proqramı həm tarixi ədalətin bərpası, həm də Azərbaycan dövlətçiliyinin güclənməsi baxımından strateji əhəmiyyət daşıyır".