Restoranlarda təqdim olunan bəzi qidalar var ki, onların hazırlanması və saxlanması zamanı xüsusi gigiyenik qaydalara əməl olunması zəruridir. Çünki cüzi bir səhv və ya diqqətsizlik ciddi nəticələrə – o cümlədən qida zəhərlənmələrinə səbəb ola bilər. Bəs, restoranlarda hansı qidaları yeməkdən çəkinməliyik?
Məsələ ilə bağlı qida mütəxəssisi Seymur Qafarov SİA-ya açıqlamasında bildirib ki, gündəlik həyat ritmində bir çox insanlar evdə yemək hazırlamağa vaxt tapmadığı üçün daha çox ictimai iaşə obyektlərinə üz tutur.
Onun sözlərinə görə, bu isə tədricən insanların evdənkənar qidalanma vərdişlərinin formalaşmasına səbəb olur:
"Belə bir vəziyyətdə restoranlar, kafelər və digər qida müəssisələrinin üzərinə böyük məsuliyyət düşür. Onlar həm məhsulun təchizatında, həm də hazırlanmasında təhlükəsizlik və gigiyena qaydalarına ciddi riayət etməlidirlər. Çünki bu müəssisələrin təqdim etdiyi yeməklər yalnız dad və görünüş baxımından yox, həm də sağlamlıq baxımından təhlükəsiz olmalıdır. Xüsusilə riskli qida kateqoriyasına daxil olan süd və ət məhsulları ilə işləyərkən daha yüksək diqqət tələb olunur. Bu məhsullar tez xarab olan və düzgün saxlanmadıqda asanlıqla zəhərlənməyə səbəb olan qidalardır. Məsələn, dondurulmuş ət məhsulları -18°C temperaturda saxlanmalı və istifadədən əvvəl düzgün şəkildə – yəni defrost (buzu açma) prosesi ilə otaq temperaturuna uyğun şəkildə əridilməlidir. Tez-tez rast gəlinən yanlış tətbiq – donmuş ətin birbaşa isti suda və ya oda qoyularaq tez əridilməsi – bakteriyaların çoxalmasına və məhsulun keyfiyyətinin aşağı düşməsinə səbəb olur.
Digər tərəfdən, süd məhsulları da mütləq şəkildə soyuducuda, uyğun temperaturda saxlanmalı və istifadə müddətinə diqqətlə nəzarət olunmalıdır. Tərkibində süd, pendir, qaymaq və ya yoqurt olan yeməklər qısa müddətdə xarab ola bilər və bu da zəhərlənmə riskini artırır. Mayonez tərkibli salatlar, xüsusən isti havalarda, çox qısa müddətdə xarab ola bildiyi üçün bu cür qidaların saxlanmasına və təqdim edilməsinə ikiqat diqqət yetirilməlidir. İstehlakçılar da bu məsələdə diqqətli olmalıdırlar. Açıq şəkildə saxlanılan, soyuducu şəraitində olmayan, mənşəyi bilinməyən və ya çoxdan hazırlanmış görünən yeməklərdən imtina etmək daha məqsədəuyğundur".