Metro stansiyalarında narkomaniya ilə mübarizəyə həsr edilmiş sosial çarx nümayiş olunur - FOTOLAR

5 Sentyabr 2025 16:24 (UTC+04:00)

İctimai maarifləndirmə tədbirlərinin əhatə dairəsini genişləndirmək məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə aidiyyəti qurumun birgə əməkdaşlığı çərçivəsində hazırlanmış sosial çarx sentyabrın 5-dən metro stansiyalarındakı monitorlarda nümayiş etdirilir. Bu barədə SİA-ya Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, gənclərin narkotik vasitələrin və psixotrop maddələrin fəsadları barədə məlumatlılığını artırmaq, eləcə də narkomaniyaya qarşı mübarizədə ictimai fəallığı gücləndirmək məqsədilə hazırlanmış sosial çarxda Dövlət Komissiyasının “802 Qaynar xətt” xidməti barədə geniş məlumat verilir.

Qeyd edək ki, sosial çarxın uzun müddət yayımlanması nəzərdə tutulur.