Bakı Təşəbbüs Qrupu (BTQ) 2024-cü ildə Yeni Kaledoniyadakı iğtişaşlar zamanı "Ceyms" şərti adı ilə qeyd edilən gənc kanak əsilli məhkumun qətilini pisləyən bəyanat yayıb. SİA xəbər verir ki, açıqlamada ilk olaraq sentyabrın 3-də Fransanın "Le Monde" nəşrində "2024-cü ildə Yeni Kaledoniyadakı iğtişaşlar zamanı gizlədilmiş ölüm" adlı məqalənin dərc olunduğu bildirilib:
"Məqalədə qeyd edilir ki, 2024-cü il mayın 13-də Kanakinin (Yeni Kaledoniya) paytaxtı Numea şəhərində yerləşən Kamp-Est Penitensiar müəssisəsində məhkumlar tərəfindən üsyan baş verir. Hadisə zamanı təxminən 600 məhkumun saxlandığı bu müəssisədə üç nəzarətçi, məhkumlar tərəfindən girov götürülür və müşahidə kameralarının əksəriyyəti sıradan çıxarılır. Vəziyyətin nəzarətdən çıxmasının qarşısını almaq məqsədilə əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilir. Aparılan istintaqın nəticələri göstərir ki, baş verən hadisələr zamanı "Ceyms" şərti adı ilə qeyd edilən gənc kanak əsilli məhkum hüquq-mühafizə orqanlarının müdaxiləsi zamanı fiziki zorakılığa məruz qalıb və aldığı xəsarətlər nəticəsində dörd gün sonra vəfat edib".
Qeyd edilib ki, əldə olunan məlumatlara əsasən, Ceyms baş vermiş üsyanda iştirak etməyib, hadisələr zamanı öz kamerasında qalıb: "Şahidlərin ifadələrinə görə, hüquq-mühafizə orqanlarının müdaxiləsi zamanı Ceyms döyülüb, daha sonra digər məhkumlarla birlikdə müşahidə kameralarının quraşdırılmadığı zonaya aparılaraq orada fiziki zorakılığa məruz qalıb. Bundan əlavə, Ceymsə və digər yaralı məhkumlara lazımi tibbi yardım göstərilməyib. Məhkumların ifadələrinə əsasən, Ceymsin səsi son günlər ərzində xeyli zəifləyib, daha sonra isə tamamilə kəsilib. O, huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb, lakin göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. Ölümün dəqiq səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, Numea Respublika Prokurorluğu baş vermiş hadisə ilə əlaqədar istintaq hərəkətləri başlandığını təsdiqləyib. Hazırda məhkəmə-tibbi ekspertiza və digər müvafiq araşdırmalar davam etdirilir".
Bəyanatda o da vurğulanıb ki, Ceymsin vəfatı ilə 2024-cü ilin may ayında baş vermiş hadisələr nəticəsində həyatını itirənlərin rəsmi sayı 15-ə çatıb: "Kamp-Est həbsxanası uzun illərdir ağır saxlanma şəraiti, normadan artıq məhkum sayı və məhkumlara qarşı zorakılıq halları ilə əlaqədar ciddi ictimai və hüquqi tənqidlərin obyektinə çevrilib. Tibbi xidmətlərə əlçatanlığın olmaması, xüsusilə gənc məhkumlarla qeyri-insani rəftar edilməsi və zorakılıq halları müəssisənin əsas problemləri sırasındadır. Məhz bu səbəbdən Kamp-Est həbsxanasının əsaslı şəkildə yenidən qurulması və şəraitin humanist prinsiplərə uyğunlaşdırılması Bujival razılaşmasının əsas müddəalarına əlavə edilib. Ceymsin ölümü ilə bağlı onun ailəsi və vəkili tərəfindən mülki qaydada üç fərqli iddia qaldırılıb. Hüquq müdafiəçiləri baş vermiş hadisə ilə əlaqədar olaraq dövlət rəsmilərini, xüsusilə hüquq mühafizə orqanlarını vəzifə səlahiyyətlərini aşmaqda və fiziki zorakılıq tətbiq etməkdə ittiham edirlər. "Le Monde" qəzetinin yaydığı məlumatlara əsasən, Ceymsin ölümü rəsmi statistikalarda qeyd olunmayıb".
Bakı Təşəbbüs Qrupu Fransa hökumətinin bu ölüm faktını gizlətməsini bir neçə amillə izah edir: "Əvvəla, onun ölümü birbaşa küçə iğtişaşları zamanı deyil, Kamp-Est həbsxanasında baş verib. Bu, hadisənin birbaşa rəsmiləşdirilməmiş və qeyri-rəsmi ölüm halı kimi dəyərləndirilməsinə zəmin yaradıb. İkincisi, ölüm səbəbi ilə bağlı məhkəmə araşdırmasının vəziyyəti və ekspertiza nəticələri ictimaiyyətə təqdim olunmayıb. Bu hal günahkarların məsuliyyətə cəlb olunmasını süni şəkildə uzadır. Üçüncüsü, iğtişaşlar zamanı həbsxanada mövcud olan videomüşahidə kameralarının məhv edilməsi nəticəsində hadisəyə dair vizual sübutlar məhv edilib. Bu da araşdırmanın ləngiməsinə səbəb olub. Nəticədə Ceymsin faciəli ölümü rəsmi statistikalarda əks olunmayıb, ictimaiyyətdən gizlədilib".