"Şanxay Əməkdaşlıq Təşkilatı üzv və tərəfdaş dövlətlərin əməkdaşlığını özündə ehtiva edən bir təşkilatdır".Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib.
O bildirib ki, 6 dövlət tərəfindən təsis olunan bu təşkilat ilkin dövrdə regional təşkilat mahiyyəti daşıyırdısa, sonradan sıralarına digər Asiya dövlətlərinin qatılması ilə artıq təşkilat beynəlxalq müstəvidə qəbul olunmağa başlayıb: "Bunun bariz nümunələrindən biri də sonuncu - 25-ci sammitdə hətta Avropa ölkələrinin bu təşkilata maraq göstərməsidir. Xüsusilə də Serbiyanı nəzərdə tutaraq bunu deyirəm. Bu da onu deməyə əsas verir ki, artıq Şanxay Əməkdaşlıq Təşkilatına maraq böyükdür.
Doğrudur, bu təşkilat daha çox ölkələr arasında iqtisadi, maliyyə və təhlükəsizlik məsələlərini koordinasiya etmək və bu istiqamətdə əməkdaşlığı genişləndirməyə yönəlib. Mən deyərdim ki, üzv dövlətlərin, o cümlədən tərəfdaş dövlətlərin bu quruma marağı da məhz bu səbəbdəndir. Əgər təşkilat gələcəkdə hərbi və ya siyasi blok halına çevrilməyi hədəfləyərsə, o zaman yəqin ki, hazırkı üzvlər arasında ciddi fikir ayrılığı yarana bilər. Çünki bu dövlətlərin bəzilərinin bir-birinə qarşı hələ də geosiyasi ambisiyaları, ərazi və sərhəd problemləri mövcuddur.
Təşkilatın dünya və Azərbaycan üçün faydalarına gəldikdə isə ilk növbədə qeyd etməliyik ki, bu təşkilat iqtisadi yönümlü olduğundan, üzv və tərəfdaş dövlətlərin iqtisadi maraqlarına daha çox cavab verir. 25-ci sammit də dünya və üzv dövlətlər üçün, o cümlədən Azərbaycan üçün maraqlı nəticələrlə tamamlandı.
Bildiyiniz kimi, bu səfər çərçivəsində Azərbaycan Prezidenti xüsusilə Çin şirkətləri və Çin dövləti ilə ikitərəfli əməkdaşlıqla bağlı çoxsaylı sənədlər imzaladı. Bu sənədlər yaxın gələcəkdə, xüsusilə Orta Dəhliz marşrutunun inkişafı baxımından Azərbaycana mühüm töhfə verəcək".