Avtobus dayanacaqlarında infrastruktur problemi - SAKİNLƏR DANIŞDI - SORĞU

5 Sentyabr 2025 14:36 (UTC+04:00)

Hər birimiz günümüzün müəyyən hissəsini ictimai nəqliyyatdan istifadə edərək keçiririk. Şəhərin müxtəlif yerlərində avtobus dayanacaqları quraşdırılıb ki, sakinlərin gözləmə zamanı rahatlığı təmin edilsin. Amma bəzi dayanacaqlarda yalnız nişan var, fiziki dayanacaq – dam, oturacaq və qoruyucu quruluş isə yoxdur. Belə hallarda insanlar həm qışın sərt soyuğunda, yağışında, həm də yayın yandırıcı istisində çətinliklərlə üzləşirlər. Maraqlıdır, şəhər sakinləri bu barədə nə düşünür? SİA bu mövzu ilə bağlı şəhər sakinləri arasında sorğu edib.

Şəhər sakini Yeganə Ağayeva: “Düzdür, yaxşı dayanacaqlarımız da var, hətta özüm şahidi olmuşam ki, bir dayanacağa divan qoymuşdular insanların rahat əyləşməsi üçün. Amma bununla yanaşı elə yerlər var ki, yalnız avtobus nişanı var, fiziki dayanacaq isə yoxdur. Bu isə xüsusilə mənim kimi yaşlı adamlara problem yaradır. İndi havalar yaxşı keçir deyə çox hiss olunmur, amma qarşıdan qış gəlir qar, yağış olacaq. Belə hava şəraitində dayanacaqların olmaması böyük çətinlikdir, həm yaşlı insanlar, həm də azyaşlı uşaqlar üçün”.

Şəhər sakini Sənurə İsgəndərova: “Şəhərin mərkəzində avtobus dayanacaqları demək olar ki, normal vəziyyətdədir, amma mən şəhərin kənarında yaşayıram və orada dayanacaqlar demək olar ki, yoxdur. Bəzən avtobuslar da nişanın olduğu yerdə yox, başqa yerlərdə saxlayırlar. Kim enmək istəyirsə, sürücüyə "saxla" deyir, avtobus da yolun kənarında saxlayır. Bu da həm təhlükəli olur, həm də sərnişinlərin rahatlığını pozur".

Şəhər sakini Qabil Hacıyev: “Bəzi yerlərdə dayanacaqların olmaması yayda o qədər də hiss olunmur, amma qışda və payızda çox böyük problem olur. Xüsusilə də ahıl insanlar üçün. Yağışın, soyuğun altında avtobus gözləmək onlara çox çətindir. Həm sağlamlığa ziyan vurur, həm də əsəb yaradır”.

Şəhər sakini Samirə Mehdiyeva: “Yaşlı adamlar, uşaqlar, bir də işdən çıxıb yorğun gələn insanlar var ki, avtobus gözləməyə taqətləri qalmır. Dayanacaq olsaydı, heç olmasa oturub rahat gözləyə bilərdilər. Ən çox da yağışlı, küləkli havalarda bu problem özünü göstərir. İnsanlar qorunmaq üçün sığınacağa ehtiyac duyurlar. Amma dayanacaq olmayanda, hər kəs məcburən yağışın, küləyin altında gözləməli olur”.

Şəhər sakini Mələk Əmirullayeva: “Mən şəhər mərkəzində yaşamıram, ona görə çox vaxt kənar ərazilərdə oluram və bu problemi özüm də görmüşəm. Qışda da, yayda da dayanacaq olmaması insanlara çox çətinlik yaradır. Qışda qar yağanda avtobusların gecikməsi də olur, insanlar saatlarla qarın altında avtobus gözləməli olurlar. Yayda isə istidən dayanmaq olmur, kölgəlik olmadığı üçün insanlar günəşin altında əziyyət çəkir”.

Şəhər sakini Cavad Vəliyev: “Avtobus dayanacağı o demək deyil ki, sadəcə bir nişan qoyulsun. İnsanların oturacağı, damı olmalıdır ki, heç olmasa yağışdan, günəşdən qorunsunlar. Mənim gördüyüm bəzi yerlərdə isə bu imkan ümumiyyətlə yoxdur. Açıq havada avtobus gözləmək xüsusilə də qışda çox çətin olur. Məncə, bu, şəhərdə həllini tapmalı vacib məsələlərdən biridir”.

Şəhər sakini Firəngiz Rızayeva: “Dayanacaq olmayan yerlərdə avtobus gözləmək həm narahatlıq, həm də sağlamlıq problemi yaradır. Gənclər birtəhər dözür, amma yaşlılar və uşaqlar üçün bu, daha ağırdır. Bir dəfə qışın soyuğunda avtobus uzun müddət gəlmədi, hamı soyuqdan əsirdi. Məncə, şəhərdə hər nişanlı yerdə ən azı sadə bir dayanacaq qurulmalıdır. Bu, insanların həyatını asanlaşdırar”.