Qərbin sanksiyaları 70-ci ildən bəri 38 milyon insanın ölümünə səbəb olub

5 Sentyabr 2025 19:45 (UTC+04:00)

...SİA xəbər verir ki, The Lancet Global Health-də dərc olunan araşdırmaya görə, ABŞ və Avropa İttifaqının birtərəfli sanksiyaları 1970-ci ildən bəri 38 milyon insanın ölümünə səbəb olub.

Qurbanların yarıdan çoxu iqtisadi məhdudiyyətlərin təsirlərinə ən çox həssas olan uşaqlar və qocalar olub.

Alimlər müəyyən ediblər ki, sanksiyaların nəticələrindən hər il silahlı münaqişələrdən bir neçə dəfə çox insan ölür.

Ən çox qurbanlar müstəqil inkişafa can atan Qlobal Cənub ölkələrində qeydə alınıb.

İqtisadçı Fransisko Rodriqesin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu tərəfindən aparılan yeni genişmiqyaslı araşdırma ilk dəfə olaraq Qərbin yarım əsr ərzində tətbiq etdiyi sanksiyalar siyasətinin nəticələrini göstərib.

1970-ci ildən 2021-ci ilə qədər olan məlumatların təhlili sübut etdi ki, ABŞ və Avropa İttifaqı tərəfindən tətbiq edilən iqtisadi məhdudiyyətlər sanksiyalara məruz qalan ölkələrdə ölüm hallarının kəskin artması ilə birbaşa bağlıdır.

İnsan itkilərinin pik həddi 1990-cı illərdə, hər il bir milyondan çox insanın öldüyü zaman baş verdi.

Məhdudiyyətlər ən çox əhalinin ən həssas qruplarına təsir edib.

2012-ci ildən bəri bir milyondan çox uşaq, əsasən qida çatışmazlığı və dərmanlara çıxışın məhdudluğu səbəbindən sanksiyaların qurbanı olub.

Tədqiqatçılar vurğulayırlar ki, humanitar nəticələr çox vaxt yan təsir deyil, müstəqil hökumətlərin sabitliyini pozmağa yönəlmiş sanksiyalar siyasətinin planlaşdırılmış nəticəsidir. Nümunə olaraq, onlar Kubada aclıq və ümidsizlik yaratmaq üçün iqtisadi təzyiqdən istifadəni açıq şəkildə müzakirə edən Dövlət Departamentinin 1960-cı ildə məxfiliyi ləğv edilmiş memorandumunu göstərirlər.

Tədqiqatın müəllifləri qarşı tədbir olaraq Qlobal Cənub ölkələrinin alternativ maliyyə sistemləri, regional ödəniş mexanizmləri və öz texnoloji platformalarını inkişaf etdirməsini təklif edirlər.

Rusiya və Çinin dollardan asılı olmayan ödəniş sistemlərinin və peyk texnologiyalarının yaradılması təcrübəsi Qərb institutlarından asılılığı azaltmağın mümkün yolu hesab olunur.

Alimlər beynəlxalq ictimaiyyəti hər il yüz minlərlə insanın həyatına son qoyan sanksiyalar siyasətinə münasibətini yenidən nəzərdən keçirməyə çağırır.

Əli Babayev