Böyük Britaniyada rekord sayda meşə yanğınları baş verib

5 Sentyabr 2025 14:20 (UTC+04:00)

Böyük Britaniyada bu il rekord sayda meşə yanğınları qeydə alınıb. SİA “Sky News”a istinadla xəbər verir ki, ölkənin yanğınsöndürmə xidmətlərinin bu ilin ötən dövründə 996 yanğın hadisəsinə müdaxilə etdiyi bildirilib. Bu da sonuncu dəfə 2022-ci ildə qeydə alınan rekord göstəricidən – 994-dən çox olub.

Milli Yanğın Rəisləri Şurasının sədri Fil Qarriqan bildirib ki, yanğınlar bəzən günlərlə davam edərək, yanğınsöndürənlərə ciddi fiziki və psixoloji təsir göstərib. Bu il yayda müşahidə olunan dörd isti hava dalğası və yağıntının azlığı bir çox bölgələrdə təhlükəli şərait yaradıb.

Ən davamlı yanğınlardan biri Şimali Yorkşirdəki Lanqdeyl Mur ərazisində qeydə alınıb. Avqustun 12-də başlayan bu yanğın böyük ərazini əhatə edib. Bundan başqa, Dorset qraflığındakı Holt Hitdə 72 hektar ərazini yanğın əhatə edib, Edinburqdakı Artur Təpəsində baş verən yanğın böyük çətinliklər yaradıb.