Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında ADPU ilə Nəzəri və Tətbiqi Mexanika Türk Milli Komitəsinin (TUMTMK) birgə təşkilatçılığı ilə 2-5 sentyabr tarixlərində təşkil olunan “Mexanikada yeni trendlər” (New Trends in Mechanics) I Beynəlxalq Elmi Konqresin və 24-cü Milli Mexanika Konqresinin paralel sessiyaları keçirilib.
Sessiyadan əvvəl Beynəlxalq Konfransın Təşkilat Komitəsinin üzvləri Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovla birlikdə Ümummilli Lider Heydər Əliyevin Quba şəhərindəki abidəsi önünə tər çiçəklər düzüblər. Ulu Öndərin əziz xatirəsinə ehtiram göstərilib.
Rayon İcra Hakimiyyətində keçirilən görüşdə icra başçısı İlqar Mahmudov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qubanın çoxşaxəli inkişaf istiqamətləri və perspektivdə olan regional proseslər barədə geniş məlumat verib. Diqqətə çatdırılıb ki, Qubada digər sahələr kimi təhsil də sürətlə inkişaf edir. Əminliklə qeyd olunub ki, ADPU-nun Quba filialının ev sahibliyi etdiyi sessiyalar uğurla başa çatacaq.
Təşkilat Komitəsinin üzvləri Azərbaycanın hər yerində olduğu kimi Qubada şahidi olduqları hərtərəfli inkişafdan məmnunluqla bəhs edərək, ətrafdakı təbii gözəlliyə heyran qaldıqlarını ifadə ediblər.
Pedaqoji Universitetin Quba filialında təşkil olunan tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Sonra Ümummilli Lider Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad edilib.
Filialın Akt zalında keçirilən plenar iclasda çıxış edən Təşkilat Komitəsinin həmsədrləri - ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov və TUMTMK-nın sədri professor Mehmet Omurtag, həmçinin, Milli Məclisin deputatı, professor Əlibala Məhərrəmzadə, ADPU-nun Quba filialının direktoru, Təşkilat Komitəsinin yerli üzvü, professor Yusif Alıyev beynəlxalq konqresin əhəmiyyətinə toxunaraq, sessiyalarda təqdim olunacaq məruzələrin, aparılacaq müzakirələrin region alimləri üçün dünya tətbiqi mexanika elmində əldə olunan son nailiyyətlərlə tanışlıq üçün böyük imkanlar yaradacaq. Əminliklə ifadə olunub ki, beynəlxalq koqres ümumilikdə elmi inteqrasiyanın güclənməsi işinə mühüm töhfələr verəcək.
Diqqətə çatdırılıb ki, mexaniki hərəkətlər haqqında ümumi qanunların və cisimlərin qarşılıqlı təsirini dərindən öyrənilməsi bütün dövrlərdə aktuallığını qoyuyub. Bu mənada “Mexanikada yeni trendlər” mövzusu beynəlxalq elm ictimaiyyət üçün ən maraqlı sahələrdən olduğu üçün bu sahədəki yeni çağırışlar diqqətlə izləniləcək.
“Mexanikada yeni trendlər” I Beynəlxalq Elmi Konqres və 24-cü Milli Mexanika Konqresinin paralel sessiyalarının yüksək təşkilatçılıq əsasında keçirilməsindən məmnunluğunu ifadə edən çıxışçılar əminliklə bildiriblər ki, elmi tədbir qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən layiqincə gələcəkdir.
Daha sonra professorlar - Asəf Zamanov, Abdulla Avey, Nəzmiyə Yahnioğlu və Nihal Eratlının həmsədrliyi ilə keçirilən paralel sessiyalarda müxtəlif ölkələrdən olan alim və tədqiqatçılar maşın öyrənməsi və mexanika prosesləri, cisimlərin mexanikası, kompozit materiallar mexanikası, optik, şüa və dalğa hərəkətləri, müxtəlif mühitlərdə titrəyiş hərəkətləri kimi mövzularda apardıqları tədqiqatlarla bağlı məruzələrlə çıxış ediblər.
Məlumat verilib ki, paralel sessiyalarda müzakirələrin aparıldığı beynəlxalq konqresdə strukturlar (konstruksiyalar) mexanikası, bərk cisim mexanikası, tətbiqi riyaziyyat, tətbiqi mexanika, maye mexanikası və kompozit materiallar mexanikası sahələrində 150-yə qədər elmi məruzə təqdim ediləcək.
Sessiyadan sonra konqres iştirakçıları filialla tanışlıq çərçivəsində Heydər Əliyev Lektoriyası, Azərbaycan-Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzində olublar. Yeni tədris ilinə hazırlıq, beynəlxalq səviyyəli tətbiqlər və s. barədə qonaqlara müfəssəl məlumat verilib.
Şəhid Nuran Mirzəyevin adını daşıyan auditoriya ziyarət olunub. Qəhrəman şəhidin auditoriyada yerləşən büstü önünə tər çiçəklər düzülüb.
İştirakçılar birgə xatirə fotosu çəkdiriblər.
Sessiya müzakirələrindən sonra konqres iştirakçılar üçün sosial proqramla davam edib.