"Müasir dövrdə bir vətəndaşın dil bilikləri, savadı, intellektual səviyyəsi və dünyagörüşü nə qədər yüksəkdirsə, bu, həm onun şəxsi inkişafına, həm də cəmiyyətə verdiyi töhfəyə bir o qədər müsbət təsir edir". Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.
O bildirib ki, xüsusilə də dil bilikləri insana həm əmək bazarında rəqabət üstünlüyü qazandırır, həm də fərqli mədəniyyətlərlə ünsiyyət qurmaq və qlobal miqyasda uğur əldə etmək imkanı yaradır: "Amma təəsüf ki, xarici dil öyrənmək bəzi hallarda milli dəyərlərimizə münasibəti zəiflədə bilir. Bu, ələlxüsus gənclər arasında müşahidə edilir. Bununla yanaşı, vətəndaşın öz dövlətinin tarixini, milli dəyərlərini və mədəniyyətini tanıması və tanıtması da az önəmli deyil. Çünki milli kimliyini tanımayan və qorumayan fərd, istər-istəməz zamanla mənəvi dəyərlərdən uzaqlaşır və köksündən qopmuş bir varlığa çevrilə bilər. Buna görə də burada bir “qızıl ortanı” qorumaq zəruridir.
Məsələn, Çin dilini öyrənmək müsbət və faydalı bir addımdır. Bu gün Çin dünya iqtisadiyyatında aparıcı mövqeyə malikdir. Çox zaman Çinlilər ingilis dilindən istifadə etmək əvəzinə, öz dillərində ünsiyyətə üstünlük verirlər. Bu səbəbdən Çin dili bilmək, həmin ölkə ilə daha rahat ticari və işgüzar əlaqələr qurmağa imkan verir.
Lakin burada vacib məqam ondan ibarətdir ki, hər hansı bir xarici dili öyrənmək həmin xalqın dini, ideoloji və mədəni dünyagörüşünü qəbul etmək anlamına gəlməməlidir. Azərbaycan vətəndaşı olaraq bizim əsas borcumuz milli və dini kimliyimizi qorumaq, onu gələcək nəsillərə ötürməkdir. Çin, rus və ya digər dilləri öyrənmək faydalı olsa da, bu dillərin daşıyıcısı olan cəmiyyətlərin düşüncə tərzinə və ideoloji sisteminə kor-koranə bağlanmaq yanlış və təhlükəlidir. Bu, xüsusilə rus dili ilə bağlı müşahidə olunur. Azərbaycanda rus dili geniş istifadə olunsa da, rus dilində danışmaq ruslaşmaq demək deyil. Biz rus dilini yalnız kommunikativ vasitə kimi istifadə etməli, lakin milli kimliyimizi, mənəvi dəyərlərimizi və düşüncə tərzimizi qorumağa davam etməliyik. Əks təqdirdə, milli kimliyindən uzaqlaşmış fərdlər zamanla cəmiyyət və dövlət üçün potensial təhlükəyə çevrilə bilər. Belə insanlar istər bilərəkdən, istərsə də bilmədən, fərqinə varmadan, xarici maraqlara xidmət edə biləcək vəziyyətə düşə bilərlər. Bu isə dövlətin təhlükəsizlik baxımından ciddi narahatlıq doğura biləcək bir məsələdir.
Biz bir azərbaycanlı olaraq nə qədər çox dil bilsək, bu, bizim üçün o qədər üstünlükdür. Amma bu üstünlük yalnız o halda dəyərli və faydalı olacaq ki, biz milli kimliyimizi, dəyərlərimizi unutmadan, dini və mədəni dəyərlərimizə sadiq qalaraq bu bilikləri dövlətimizin maraqları çərçivəsində istifadə edək".