2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsində Cənubi Amerikada bir sıra tarixi nəticələr qeydə alınıb. SİA xəbər verir ki, Argentina, Uruqvay, Paraqvay, Kolumbiya və Braziliya yığmaları ötən gecə keçirilən oyunlarda həm tarixi nailiyyətlər, həm də rekordlarla yadda qalıblar.
Messi Venesuela ilə matçda rekordlara imza atdı
Lionel Messi karyerasında Argentina milli komandası ilə son ev matçında (3:0) dubl edərək dünya çempionatının seçmə mərhələləri tarixində 36 qolla bombardirlərin siyahısında Kriştianu Ronaldoya çatıb. Bu göstərici ilə o, 35 qolu olan əfsanəvi Əli Daeini geridə qoyub. Rekord isə hazırda Qvatemalalı Karlos Ruizə məxsusdur (39 qol).
Messi eyni zamanda 2025-ci ildə Argentina yığmasında ilk qollarını vurub. O, milli komandada ardıcıl 20 il qol vuran tarixdə ikinci futbolçu olub. Siyahıya 22 il dalbadal (2004–2025) qol vuran Kriştianu Ronaldo başçılıq edir. Növbəti pillələrdə Robbi Kin (1998–2016), həmçinin Edin Dzeko (2007–2025) qərarlaşıb.
Ulduz forvard həmçinin Cənubi Amerika seçmə mərhələlərinin tarixində ən çox oyun keçirən futbolçu kimi ekvadorlu İvan Hurtadoya da çatıb. Hər ikisinin aktivində 72 oyun var.
Uruqvay ardıcıl 5-ci dəfə dünya çempionatında
Peruya 3:0 hesabı ilə qalib gələn Uruqvay millisinin ardıcıl 5-ci dəfə (2010, 2014, 2018, 2022 və 2026) dünya çempionatında iştirak edəcəyi dəqiqləşib. Bu, onların mundial tarixində ən uzun seriyasıdır.
Paraqvay 16 illik fasilədən sonra mundiala vəsiqə qazandı
Paraqvay millisi Ekvadorla evdə qolsuz heç-heçə etsə də, 16 ildən sonra yenidən dünya çempionatına vəsiqə qazanıb. Bu nəticə ilə Paraqvay evdə Ekvador üzərində 9 qarşılaşmadan ibarət qalibiyyət seriyasına da son qoyub. Digər tərəfdən, Ekvador son 14 seçmə mərhələ oyununda cəmi 2 qol buraxıb və ardıcıl 4 görüşü 0:0 hesabı başa vuraraq dünya çempionatının seçmə mərhələləri tarixində belə göstəriciyə imza atan ilk komanda olub.
Kolumbiya tarix yazdı, Xames rekordçu oldu
Boliviyanı 3:0 hesabı ilə məğlub edən Kolumbiya seçmələrdə ardıcıl 8-ci dəfə eyni rəqibə qol buraxmayan ilk Cənubi Amerika komandası kimi tarixə düşüb. Boliviya hələ də Kolumbiyada keçirilən seçmə qarşılaşmalarda qol vura bilməyib. Matç zamanı Xames Rodriges seçmə mərhələlərdə 14-cü qolunu vuraraq Radamel Falkaonu geridə qoyub və Kolumbiya yığmasının dünya çempionatı seçmə mərhələsində tarixi bombardiri olub. Futbolçu həm də 8 ildən sonra ilk dəfə sağ ayağı ilə qol sevinci yaşayıb.
Braziliyadan parlaq qələbə
Braziliya millisinin Çili üzərindəki 3:0 hesablı qələbəsində gənc futbolçu Estevaonun vurduğu “bicycle kick” (havadan akrobatik zərbə) qolu yadda qalıb. Bu, 2022-ci ildə Riçarlisonun Serbiyaya vurduğu məşhur qoldan sonra Braziliya yığmasının belə üslubda ilk qolu olub.
Çili isə matç boyu Braziliya qapısına vurduğu 3 zərbənin heç birini çərçivəyə istiqamətləndirə bilməyib. Onlar sonuncu dəfə bu göstəricini 2012-ci ildə Ekvadora qarşı seçmə mərhələ görüşündə qeydə almışdı.