"2023-cü ilin sentyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi antiterror əməliyyatı ölkənin suverenlik tarixində dönüş nöqtəsi kimi qiymətləndirilməlidir. Əgər əvvəllər bu əməliyyat daha çox lokal hərbi tədbir kimi təqdim olunurdusa, bu gün onun dövlət suverenliyinin tam bərpası kimi xarakterizə olunması tamamilə məntiqli və obyektiv yanaşmadır". Bu sözləri SİA-ya açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov deyib.
Onun sözlərinə görə, bu əməliyyat nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində mövcud olmuş qanunsuz silahlı dəstələr tam zərərsizləşdirildi. Bununla da ölkə daxilində ikili idarəetmə modelinə son qoyuldu və Azərbaycanın konstitusiya quruluşu tam bərpa edildi. Bu, hüquqi baxımdan dövlət suverenliyinin tam təsdiqi deməkdir: "Əməliyyat yalnız hərbi uğur deyil, həm də siyasi qələbə idi. Azərbaycanın beynəlxalq hüquqa əsaslanaraq həyata keçirdiyi bu addım regional geosiyasətdə yeni reallıqlar yaratdı. Hazırda ölkə bütün sərhədlərinə və ərazilərinə tam nəzarət edir ki, bu da dövlətçiliyin möhkəmlənməsi baxımından tarixi hadisədir. Bu əməliyyat ölkə daxilində milli həmrəyliyi gücləndirdi. Azərbaycan cəmiyyəti gördü ki, uzun illərin münaqişəsi artıq başa çatıb və bundan sonra əsas məqsəd quruculuq, inkişaf və Böyük Qayıdış proqramının həyata keçirilməsidir. Suverenliyin tam bərpası həm də insanların psixoloji mənada özünü daha güvənli hiss etməsi ilə nəticələndi.
Əməliyyat regionda yeni güc balansı yaratdı. Azərbaycanın qətiyyətli addımı digər ölkələr üçün də nümunə oldu ki, beynəlxalq hüquqa söykənərək, milli maraqları qorumaq mümkündür. Bu, Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunması üçün əsaslı zəmin formalaşdırır. Sentyabr əməliyyatını dövlət suverenliyinin tam bərpası kimi təqdim etmək sadəcə ritorika deyil, reallığın ifadəsidir. Bu yanaşma həm daxili, həm də beynəlxalq müstəvidə Azərbaycanın güclü, müstəqil və tam suveren dövlət statusunu daha aydın göstərir".