"Uşaqların psixoloji inkişafında ailənin rolu çox böyükdür" - PSİXOLOQ İZAH ETDİ

5 Sentyabr 2025 10:50 (UTC+04:00)

"Uşaqların psixoloji inkişafında ailənin rolu çox böyükdür". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, nə qədər ki, baxça mühiti, həyət yoldaşları, qohumlar və s. önəmli rol oynasa da, ailənin özünün uşağın həyatında xüsusi çəkisi var: "Əgər ailədə münaqişələr varsa, uşaq bu mühitdə stresli, gərgin, həyəcanlı və qorxu içində olur. Bu isə onun yalnız psixikasına deyil, eyni zamanda psixoloji inkişafına da mənfi təsir göstərir.

Çox vaxt belə ailələrdən çıxan uşaqlar ya cəmiyyətə uyğunlaşmayan, ya da özünə qapanmış fərdlərə çevrilirlər. Əgər ailədə tez-tez münaqişələr baş verirsə və valideynlər bir-birini günahlandırırsa, bu, uşaqların tərbiyəsinə də ciddi şəkildə təsir edir. Belə uşaqlar nə dərslərinə diqqət yetirə bilir, nə də davranış baxımından sağlam formalaşırlar – davranış pozuntuları ortaya çıxır. Təəssüf ki, belə hallarda valideynlər bir-birini ittiham edir. Amma nəticə dəyişmir: ailədaxili münaqişələr uşaqların həm psixoloji, həm də fiziki inkişafına ciddi zərbə vurur".