“Hazırsansa, Moskvaya gəl” - Putin Zelenskiyə

5 Sentyabr 2025 09:48 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşmək ideyasını heç vaxt rədd etmədiyini bildirib və “Zelenski hazırdırsa, Moskvaya gəlsin” deyib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu dəvətə Kiyevdən sərt cavab gəlib.

Ukrayna xarici işlər nazirinin müavini Andrii Sıbıha Putinin qəsdən qəbulolunmaz şərtlər irəli sürdüyünü bildirib. O, ən azı 7 ölkənin, o cümlədən Türkiyə, Avstriya, Vatikan, İsveçrə və 3 Körfəz dövlətinin belə bir görüşə ev sahibliyi etməyə hazır olduğunu açıqlayıb.

Putin son olaraq Pekindəki çıxışında, görüş barədə ABŞ Prezidenti Donald Trampın da təşəbbüs göstərdiyini, lakin yer olaraq Moskvaya işarə etdiyini deyib.

Tramp isə Rusiya ilə bağlı sanksiyaların tətbiq olunmaması barədə sual verən jurnalistə əsəbiləşərək, Hindistana əlavə tariflərin tətbiqini xatırladıb və bunun Rusiyaya yüz milyardlarla dollar zərər vurduğunu söyləyib. O, Zelenski-Putin görüşü baş tutmasa, yeni addımlar ata biləcəyini də istisna etməyib.