Qazaxda Aşıq Kərəm İncəlinin 80 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib - FOTOLAR

5 Sentyabr 2025 09:04 (UTC+04:00)

Qərbin qapısı kimi tanınan, sazın, sözün beşiyi sayılan doğma Qazax eli həm də tarixi şəxsiyyətləri, ziyalıları, Xalq şairləri, yazıçıları, aşıq, ozan sənətinin nəhəngləri ilə tanınır. Bu diyarda sözə verilən qiymət, saza olan hörmət hər zaman yüksək səviyyədə olub. SİA-nın verdiyi məlumatına görə aşıq, saz sənətini yaşatmış, el havalarının mahir ifaçısı ustad Aşıq Kərəm (Nəsibovun) İncəlinin 80 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin və Azərbaycan Aşıqlar Birliyinin birgə təşilatçılığı ilə Qazax Ədəbiyyat Muzeyində keçirilən yubiley tədbirində Aşıq Kərəm İncəlinin sözünə, saz havalarına, şəxsiyyətinə dəyər verənlər aşığın ünvanına ürək sözlərini səsləndiriblər.

Çıxış edənlər Qazaxda saz, söz adamlarına göstərilən diqqət və qayğıdan söz açaraq qeyd ediblər ki, bugünkü tədbir bir daha onu göstərir ki, Qazaxda milli-mənəvi dəyərlərə böyük diqqət göstərilir.

Qeyd olunub ki, Ulu Öndərin aşıq sənətinə yüksək qiymət verdiyi kimi, onun layiqli siyasi varisi, Prezident İlham Əliyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da aşıq sənətinə yüksək dəyər verir. 50 yaşında ömrünü başa vursa da Aşıq Kərəm İncəli ziyalılar tərəfindən yüksək qiymət alıb. Ölümündən sonra 60, 75, 80 illik yubiley tədbirlərinin keçirilməsi onun sənətinə dövlət tərəfindən verilən yüksək qiymətdir.

Aşıq Kərəm İncəli haqqında xatirələrini bölüşən natiqlər onun ustad və peşəkar aşıq olduğunu vurğulayıblar. Aşıq Kamandarın tələbəsi olmuş Kərəm İncəlinin onun aşıq sənətini layiqincə təmsil etdiyini, qısa ömür yaşasa da bu işin öhdəsindən layqincə gəldiyini söyləyiblər.

Sonda Aşıq Kərəm İncəlinin oğlu Valeh Nəsibov çıxış edərək saz, söz sənətinə göstərilən diqqətə, qayğıya, atasının 80 illiyinə həsr olunmuş yubiley tədbirinin təşkilinə görə minnətdarlığını bildirib.