"Bugün Azərbaycan - Özbəkistan münasibətlərinin inkişaf dinamikasına biz iki (ikitərəfli münasibətlər kontekstində və beynəlxalq əlaqələr fonunda) aspektdən yanaşmalıyıq". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı deyib.
O bildirib ki, ikitərəfli münasibətlər aspektində bu əlaqələrin inkişafı artıq bir çox mənada hər kəsə aydındır: "Burada biz Özbəkistanla dinimizin, irqimizin, millətimizin bir olması baxımından demək olar ki, bütün sahələrdə əməkdaşlıq imkanlarını qazanmışıq və bu istiqamətdə də davam edirik. Yəni, biz Özbəkistanla həm mədəni əlaqələrimizi artırırıq, həm iqtisadi, həm də siyasi əlaqələrimizi inkişaf etdiririk.
Son dövrlər artıq söhbətlər gedir və bizim ümidimiz ondan ibarətdir ki, Özbəkistanla hərbi-siyasi sahədə də əməkdaşlıqlar daha da inkişaf edəcək və biz strateji müttəfiqliyimiz əsasında birbaşa müttəfiq ölkələr kimi çıxış etməyə başlayacağıq.
İkinci aspekt isə beynəlxalq əlaqələr formatıdır. Özbəkistanla Azərbaycan bir çox beynəlxalq təşkilatların üzvüdürlər, amma bunların içərisində Türk Dövlətləri Təşkilatı xüsusi vurğulanmalıdır. Ona görə ki, bu təşkilat artıq türklərin istər Anadoluda, istərsə də Mərkəzi Asiyada – yəni Türküstanda olmasından asılı olmayaraq, bir çatı altında birləşməsinə səbəb olur. Bu birlik bütün təzyiqlərə qarşı bir güc mərkəzi kimi birgə hərəkət etmək üçün effektiv olacaq. Azərbaycan - Özbəkistan münasibətləri bu kontekstdə də xüsusi qeyd olunmalıdır. Türk Dövlətləri Təşkilatı günü-gündən güclənir. Əgər ilk yaradıldığında bu təşkilat sadəcə mədəni və diplomatik əlaqələrə fokuslanırdısa, bu gün biz görürük ki, artıq onun fəaliyyət sahəsi genişlənməkdədir, iqtisadi müstəviyə daşınıb, hazırda isə hərbi müstəviyə doğru inkişaf edir.
Gələcəkdə bu təşkilata üzv olan bütün türk dövlətlərinin vahid bir ordusu, güc mərkəzi, hər sahədə birlikdə çıxış edən bir strukturu formalaşacaq. Bu halda biz şərqdən qərbə, şimaldan cənuba qədər qarşılaşdığımız bütün təhdidlərə qarşı çevik və güclü cavab vermək imkanına sahib olacağıq. Ona görə də Azərbaycan - Özbəkistan münasibətləri bütün bu aspektlərdə xüsusi əhəmiyyət kəsb edir və bu sahədə fəaliyyətlər daha da genişləndirilməlidir".