Böyük Britaniya hökuməti ukraynalı uşaqların məcburi deportasiyasında iştirak edən 11 rusiyalı fiziki və hüquqi şəxsə qarşı yeni sanksiyalar paketi elan edib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, hökumətin rəsmi saytında yayılan açıqlamada Rusiya dövlətinə bağlı 8 nəfər və 3 təşkilata sanksiyalar tətbiq edildiyi bildirilib.
“Rusiyanın ukraynalı uşaqları deportasiya etmək, beyinlərini yumaq və militarizasiya siyasətini həyata keçirən şəxslər bu gün Böyük Britaniya tərəfindən sanksiyalara məruz qalıblar. Bunlara Rusiya dövlətinə bağlı səkkiz nəfər və üç təşkilat daxildir”, - deyə məlumatda qeyd olunub.
Yeni sanksiyalar Ukrayna mədəniyyətini silmək məqsədini güdən siyasəti dəstəkləyən və həyata keçirən şəxsləri hədəfə alır. Onların sırasında Ukrayna uşaqları və yeniyetmələri üçün yenidən tərbiyə proqramları təşkil edən, hərbi yönümlü təlimlər keçirən “Əhməd Kadırov Fondu”da var. Fondun prezidenti və Çeçenistan rəhbəri Ramzan Kadırovun anası Aymani Kadırova da sanksiya siyahısına salınıb.
Böyük Britaniya hökumətinin açıqlamasında qeyd olunub ki, bu addım hərbi kəşfiyyatın təqdim etdiyi sübutlar fonunda atılıb: “Rusiya Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində uzunmüddətli ruslaşdırma siyasəti həyata keçirir, Ukrayna mədəniyyətini, kimliyini və dövlətçiliyini məhv etməyə çalışır”.
BMT-nin hesabatlarına əsasən, Rusiya işğal altındakı ərazilərdə məktəblərdə rus tədris proqramı tətbiq edir və uşaqları hərbi xidmətə hazırlayan məşğələlər həyata keçirir.