Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) rəqəmsal maliyyə ekosisteminin inkişafına, məlumatlılığın artırılmasına və tərəfdaşlarla effektiv kommunikasiyanın gücləndirilməsinə xüsusi önəm verir. AMB tərəfindən bu çərçivədə növbəti təşəbbüs yeni informasiya platforması olan veb-saytın və sosial media səhifələrinin istifadəyə verilməsidir.
SİA-nın məlumatına görə, AMB-dən bildirilib ki, maliyyə texnologiyaları və innovasiyalara həsr olunmuş yeni veb-sayt fintech.cbar.az ölkədə rəqəmsal maliyyə ekosistemində baş verən ən son yenilikləri, sektorun tənzimləyicisi kimi AMB-nin bu sahədə həyata keçirdiyi fəaliyyətləri, planlaşdırılan tədbirləri və rəqəmsal həllərə dair məlumatları bir ünvanda toplayaraq istifadəçilərə təqdim edir.
İstifadədə rahat interfeysə malik olan veb-saytda xüsusi tənzimləmə rejimi, açıq bankçılıq konsepsiyası, virtual aktivlər və paylanılmış KYC sahələri üzrə mühüm məlumatlar və ən son yeniliklər diqqətə çatdırılır.
Linkedin və instaqram sosial şəbəkələrində yaradılmış yeni “Fintech_by_cbar” səhifələri isə maliyyə texnologiyaları sahəsi üzrə ölkədə və onun hüdudlarından kənarda baş verən yenilikləri və mühüm xəbərləri sosial media izləyicilərinin diqqətinə çatdıracaq. Maraqlı məzmunlar və interaktiv formatda paylaşımlar bu sahə üzrə məlumatlılığın artırılmasına töhfə verəcək.
Yeni rəqəmsal platformaların AMB ilə ekosistem iştirakçıları arasında innovasiyayönümlü əməkdaşlığı təşviq edəcəyi və sektorun dayanıqlı inkişafına töhfə verəcəyi gözlənilir.
Rəqəmsal platformalarla tanış olmaq üçün bu linkdən istifadə edin:
fintech.cbar.az
https://www.instagram.com/fintech_by_cbar?igsh=MWFic3Bvd24wajE5bA%3D%3D&utm_source=qr
https://www.linkedin.com/in/fintech-by-central-bank-of-the-republic-of-azerbaijan-a01285380/