"Bu addım təhsilin keyfiyyətinə müsbət təsir göstərəcək" - ŞƏRH EDİLDİ

2 Sentyabr 2025 17:09 (UTC+04:00)

"Müəllimlərin MİQ üzrə yerləşdirilməsi zamanı bu ildən etibarən yeni qayda tətbiq olunmağa başladı. İmtahan verən müəllim yalnız qeydiyyatda olduğu ərazidə işləməlidir". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib.

Onun sözlərinə görə, proses belə təşkil olundu: "Əvvəlcə şəhid ailələrinin üzvlərinə seçim imkanı verildi, daha sonra ərazilər üzrə yerləşdirmə həyata keçirildi, ümumi respublika üzrə seçim aparıldı və sonda müqavilə turuna start verildi. Müəllimlərə dörd yer seçmək hüququ təqdim olundu.

Müqavilə turu əsas mərhələdə kəsilən, boş qalan yerlərə düşməyən və ya ümumiyyətlə əsas turda iştirak etməyən müəllimlər üçün nəzərdə tutuldu. Onlara boş qalan yerlərdən dörd seçim etmək imkanı yaradıldı. Məqsəd ondan ibarətdir ki, uzaq bölgələrə göndərilən müəllimlər çox vaxt orada uzun müddət qalmır, müvəqqəti fəaliyyət göstərirlər ki, bu da təhsilin keyfiyyətinə mənfi təsir göstərir.

Bunun qarşısını almaq üçün həmin ərazidə yaşayan müəllimlərə üstünlük verildi, çünki onların orada davamlı və dayanıqlı qalmaq ehtimalı daha yüksəkdir. Üstəlik, bu müəllimlər həmin ərazini yaxşı tanıyır və oradakı uşaqların psixologiyasına bələddirlər. Məhz bütün bu amilləri nəzərə alaraq belə bir addım atıldı".