“Cənab Prezident İlham Əliyevin Çin rəhbərliyinin dəvəti ilə Çin Xalq Respublikasına rəsmi səfəri və Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısında iştirakı Azərbaycan üçün mühüm tarixi hadisə kimi qiymətləndirilir. Bu dəvət bir tərəfdən, Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, digər tərəfdən isə onun etibarlı və perspektivli tərəfdaş kimi qəbul edilməsinin bariz nümunəsidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib.
Onun sözlərinə görə, bu səfər, həm Çin tərəfindən, həm də Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) kimi nüfuzlu beynəlxalq platforma tərəfindən Azərbaycana göstərilən yüksək etimadın göstəricisidir: “Azərbaycanın regionda və xüsusilə Qlobal Cənubun inkişaf strategiyalarında mühüm tərəfdaş kimi tanınması bu münasibətlərin strateji əhəmiyyətini bir daha təsdiqləyir. Zirvə toplantısında çıxışı zamanı cənab Prezident İlham Əliyevin Azərbaycan-Çin münasibətlərinin artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bəyan etməsi bu əlaqələrin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən vacib siyasi bəyanat olmuşdur. Çinin dünyanın ən güclü iqtisadi və siyasi mərkəzlərindən biri kimi Azərbaycanın tərəfdaşı olması, ölkəmizin həm iqtisadi, həm də siyasi müstəqilliyinin möhkəmlənməsinə mühüm töhfə verir”.
Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Çin Xalq Respublikasının Sədri Si Cinpinin təşəbbüsü ilə həyata keçirilən və artıq qlobal miqyasda uğur qazanmış "Bir Kəmər, Bir Yol" layihəsi çərçivəsində Azərbaycan ilk gündən bu təşəbbüsə dəstək verib: “Layihənin Orta Dəhlizinin bir hissəsinin məhz Azərbaycan ərazisindən keçməsi ölkəmizin qədim İpək Yolunun bərpasında və müasir nəqliyyat-logistika sistemində mühüm strateji mövqeyə sahib olduğunu göstərir. Cənab Prezidentin təşəbbüsü ilə yaradılan Ələt Azad İqtisadi Zonası və Ələt Limanının yükdaşıma qabiliyyətinin 25 milyon tona çatdırılması logistik imkanlarımızı əhəmiyyətli dərəcədə genişləndirir. Bu infrastruktur layihəsi regionun nəqliyyat xəritəsində Azərbaycanın mövqeyini daha da gücləndirəcək və Çin ilə iqtisadi əməkdaşlığın yeni mərhələyə keçməsinə zəmin yaradacaq”.