"Azərbaycan Prezidentinin Çinə səfəri və Şanxay Əməkdaşlıq Təşkilatının toplantısında iştirakı, şübhəsiz ki, mühüm bir hadisədir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.
O bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatı hal-hazırda dünyada mövcud olan əməkdaşlıq formatlarından biridir və qlobal cənub ölkələrinin əksəriyyətinin təmsil olunduğu bir təşkilat durumundadır: "Əlbəttə ki, burada iştirak Azərbaycanın üzv ölkələrlə münasibətlərinin inkişafına stimul verən bir hadisədir. Xüsusilə də nəzərə alsaq ki, Şanxay Əməkdaşlıq Təşkilatının əsas aparıcı ölkəsi ilə bizim strateji tərəfdaşlıq münasibətlərimiz var və Çin Azərbaycanın bu təşkilatın tamhüquqlu üzvü olmasını bir mənalı şəkildə dəstəkləyir. Sadəcə olaraq, Hindistanın bloklanması nəticəsində bu qərar hələlik qəbul edilməyib.
Bu, gələcəkdə həm ölkələr arasında iqtisadiyyat, enerji, ticarət, logistika, nəqliyyat və sair istiqamətlərdə əlaqələrin genişlənməsi deməklə bərabər, həm də yüksək texnologiyalar, kibertəhlükəsizlik, rəqəmsal iqtisadiyyat və bərpa olunan enerji sahəsində əməkdaşlıqların ciddi şəkildə inkişaf etdirilməsi üçün mühüm bir formatdır".