Paytaxtda oğurluq edən şəxslər saxlanılıblar

2 Sentyabr 2025 12:35 (UTC+04:00)

Paytaxtın Sabunçu rayonunda vətəndaşa məxsus 1100 manat dəyərində moped oğurlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu barədə zərərçəkən polisə müraciət edib.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 19 yaşlı M. Abışov saxlanılıb.

Abşeron rayonunda keçirilən tədbir zamanı isə iki vətəndaşın evindən elektrik naqili və tikinti alətləri oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı Y. Əliyev tutulub.

Bundan əlavə, paytaxtın Binəqədi və Nəsimi rayonlarında iki vətəndaşa məxsus içərisində 2 min 280 manat nağd pul, 2 mobil telefon, bank kartı və sənədlər olan çantalar oğurlanıb. Bu barədə zərərçəkən şəxslər polisə məlumat veriblər. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən 26 yaşlı O. Məmmədov, tanışı 22 yaşlı R. Sadiqov və əvvəllər məhkum olunmuş 47 yaşlı X. Əliyev saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.