Xoş ənənələrə əsaslanan Azərbaycan-Vyetnam əlaqələrinin inkişaf səviyyəsi məmnunluq doğurur - PREZİDENT

2 Sentyabr 2025 12:08 (UTC+04:00)

Xoş ənənələrə əsaslanan Azərbaycan-Vyetnam əlaqələrinin inkişaf səviyyəsi məmnunluq doğurur. May ayında Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın Azərbaycana dövlət səfəri ikitərəfli əlaqələrimizin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində bir sıra istiqamətlər üzrə imzalanmış sənədlər, xüsusilə də “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” Azərbaycan-Vyetnam əlaqələrini daha yüksək pilləyə qaldırdı. SİA xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasının Prezidenti Lıonq Kıonqa bu ölkənin müstəqilliyinin 80-ci ildönümü münasibətilə ünvanlandığı təbrik məktubunda yer alıb.

Lıonq Kıonqa və dost Vyetnam xalqına öz adından və Azərbaycan xalqı adından ən xoş arzularını çatdıran dövlətimizin başçısı məktubunda qeyd edib ki, böyük inkişaf yolu keçmiş Vyetnam bu gün bütün sahələrdə sanballı nailiyyətlər əldə edib və uğurlara imza atıb.

Azərbaycan Prezidenti əlavə edib: “Hazırda ölkələrimiz arasında iqtisadiyyat, ticarət, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər sahələr üzrə böyük əməkdaşlıq potensialı mövcuddur. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan səmərəli əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim. Biz sağlam təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələrimizi bundan sonra da inkişaf etdirmək əzmindəyik”.

Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Vyetnam arasında əlaqələrin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində birgə səylər bundan sonra da uğurla davam etdiriləcək.