"Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya dövlətləri, o cümlədən Özbəkistanla münasibətlərin inkişafına mühüm əhəmiyyət verilir və bu əlaqələr son illər durmadan inkişaf edir və genişlənir". Bu barədə SİA-ya siyasi ekspert Abutalıb Səmədov bildirib.
Onun sözlərinə görə, ölkələrimiz arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub, 1996-cı ildə Azərbaycanın Özbəkistanda, 1998-ci ildə isə Özbəkistanın Bakı şəhərində səfirlikləri fəaliyyətə başlayıb: "Bu səfirliklərin açılması münasibətlərimizin inkişafında mühüm rol oynayıb. 90-cı illərin sonlarında Azərbaycan–Özbəkistan əlaqələrinin qurulmasında ilk addımları Ulu Öndər Heydər Əliyev və Özbəkistan Prezidenti İslam Kərimov atıblar. Münasibətlərimizin bugünkü səviyyəsinin bünövrəsini bu böyük liderlər qoyublar. Özbəkistan 90-cı illərdə də, ondan sonrakı dövrdə də cəsarətli mövqeyi ilə seçilib və Azərbaycanın haqq işini hər zaman müdafiə edib. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi 2008-ci il martın 14-də BMT Baş Assambleyasında səsverməyə çıxarılanda Mərkəzi Asiya dövlətlərindən yalnız Özbəkistan Azərbaycanın ərazi bütövlüyünə səs verdiyini açıq şəkildə bəyan edib.
44 günlük müharibədən sonra qələbəmizi ilk təbrik edən dövlətlərdən biri də məhz Özbəkistan olub. Prezident Şavkat Mirziyoyevin son illərdəki fəaliyyəti münasibətlərimizin daha da yaxınlaşmasına şərait yaradıb. O, dəfələrlə Azərbaycanda səfərdə olub, eyni zamanda Azərbaycan Prezidenti də Özbəkistanda səfərdə olub. Münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə qalxmasında bu iki liderin çox böyük rolu var. Onlar həm də Türk Dövlətləri Təşkilatında aparıcı mövqe tutan dövlətlərin rəhbərləridir və bu təşkilatın mükəmməl olması üçün həm Azərbaycan, həm də Özbəkistan əlindən gələni edir.
Məlumdur ki, işğaldan azad olunmuş ərazilərdə bərpa işlərini Azərbaycan özü həyata keçirir. Böyük Qayıdış proqramının icrası əsasən Azərbaycanın üzərinə düşür. Yalnız bir neçə dövlət bu işlərdə Azərbaycana mümkün yardım göstərməyə çalışır ki, bunların içərisində Özbəkistan xüsusilə seçilir. Füzulidə 960 nəfərlik gözəl bir məktəb tikilib. Eyni zamanda, Xankəndində tikiş fabriki istifadəyə verilib və orada 200-ə yaxın işçi çalışır. Digər ölkələrlə müqayisədə bu, bizim üçün çox ciddi bir köməkdir və dostluğumuzun, qardaşlığımızın rəmzi kimi qiymətləndirilir.
Azərbaycan Özbəkistanla münasibətləri bundan sonra da inkişaf etdirmək niyyətindədir. Bu istək qarşılıqlıdır. Xüsusilə dövlətlərimizin logistika imkanlarından istifadə etməkdə hər iki lider – həm Azərbaycan, həm də Özbəkistan prezidentləri – maraqlıdır və bu istiqamətdə mühüm işlər görülür. Qarşılıqlı ticarət dövriyyəsi artmaqdadır, amma bizi tam qane etmir. Biz bu göstəriciləri dəfələrlə artırmaq istəyirik və bu istiqamətdə zəruri işlər görülür.
Bütün sahələrdə Azərbaycan–Özbəkistan əlaqələri inkişaf edir. Biz daim bir-birimizə dəstək veririk, əlimizdən gələn yardımı göstərməyə çalışırıq və hər dəfə bir-birimizin yanında olduğumuzu nümayiş etdiririk. İndiki vəziyyətdə bu xüsusilə vacibdir və Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin daha da yaxınlaşmasında Özbəkistan gözəl bir nümunədir. Biz digər dövlətlərlə də münasibətlərimizi bu səviyyəyə qaldırmaq istəyirik və bu, həm Azərbaycanın, həm də Özbəkistanın maraqlarına cavab verir".