Səyyar "ASAN xidmət"in regionlarda fəaliyyəti davam edir

2 Sentyabr 2025 11:23 (UTC+04:00)

Səyyar "ASAN xidmət" sentyabrın 15-dək Xızıda, 18-dək Horadizdə, 26-dək Qazax, Şirvan, Zaqatala, Xaçmaz, Cəlilabad və Ağdaşda, 18-dən 26-dək Xırdalanda, 22-dən 26-dək isə Cəbrayılda vətəndaşlara səyyar xidmət göstərəcək. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Səyyar "ASAN xidmət"in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim olunması, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Səyyar "ASAN xidmət" avtobusları həftə içi 5 gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. Saat 13:00-14:00 arası isə nahar fasiləsidir.

Füzuli rayonunun Horadiz şəhərində, Cəbrayıl və Xızı rayonlarında fəaliyyət göstərən Səyyar “ASAN xidmət” avtobuslarında isə iş qrafiki saat 11:00-dan 17:00-a qədər nəzərdə tutulub.

Vətəndaşlar səyyar xidmətlər barədə ətraflı məlumat əldə etmək üçün 108 daxili nömrə 3 yığaraq Çağrı mərkəzinə müraciət edə bilərlər.