"Planetimizin imkanları ildən-ilə azalmaqda davam edir" - EKOLOQ DANIŞDI

2 Sentyabr 2025 10:19 (UTC+04:00)

"Ekologiya canlı və cansız təbiətin qarşılıqlı münasibətini öyrənən elmdir. Ekologiya bizi əhatə edən mühiti, bütün bitki və heyvanat aləmini, hava, su, torpaq, bitki aləmini, faydalı qazıntılar və onların mühafizəsi, ekosistemləri, bir sözlə, təbiətin dialektikasını öyrədir". Bu sözləri SİA-ya açıqlamasında Səma və Ekososial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova deyib.

Onun sözlərinə görə, təbiəti insansız, insanı təbiətsiz təsəvvür etmək mümkün deyildir: "Bəşəriyyətin müasir yaşayışını və həyatını ekologiyasız təsəvvür etmək olmaz. Sadə dillə desək, yaşamağı, oxumağı, saymağı bilmədən yaşamaq nə dərəcədə çətindirsə, ekologiyanı və onun əsaslarını öyrənmədən yaşamaq bir o qədər çətin və mürəkkəbdir.

Planetimizin bəşəriyyət qarşısındakı imkanları ildən-ilə azalmaqda davam edir. Bu fonda təbiət, bir sözlə, ekoloji vəziyyət pisləşməkdə davam edir. Ona görə də ekoloji təhsil və maarifləndirmə təbiətin mühafizə probleminin həllində əsas və mühüm vasitə kimi qəbul edilir. İnsanlar öz iqtisadi və digər tələbatlarını ödəmək məqsədi ilə təbiətə amansız ziyan vurur, hərəkətlərini ekoloji dəyərlərə uyğunlaşdıra bilmirlər. Bu da ekoloji vəziyyətin mürəkkəb hala gətirilməsinə, insanla təbiət arasındakı balansın pozulmasına səbəb olur.

Ətrafımıza və ətrafımızdakı canlılara qarşı məsuliyyətlərimizi yerinə yetirməklə həm özümüzün, həm də təbiətin sağlamlığını və xoşbəxtliyini artıra bilərik. Ətraf mühit və canlılarla harmoniyada yaşamaq həyatın mənasını və məqsədini tapmağa kömək edir. Ətrafımıza və ətrafımızdakı canlılara qarşı məsuliyyətlərimizi yerinə yetirərək həm özümüzü, həm də ətrafımızdakıları xoşbəxt edə bilərik. Ətrafımıza və ətrafımızdakı canlılara qarşı öhdəliklərimiz digər canlı növlərinə, təbii ehtiyatlara və yer üzündəki ekosistemə göstərməli olduğumuz diqqət və qayğını ifadə edir".