"Payız fəslinin gəlişi ilə əlaqədar olaraq müxtəlif xəstəliklərin, xüsusən də allergik xəstəliklərin kəskinləşməsi halları müşahidə olunur. Bu, əsasən payızda tozlanan çəmən otlarının, kif göbələklərinin, ev tozu gənələrinin təsiri ilə bağlıdır". Bu sözləri SİA-ya açıqlamasında allerqoloq Nərminə Şıxaliyeva deyib.
Onun sözlərinə görə, allergiyanın kəskinləşməsindən qorunmaq üçün bəzi sadə qaydalara əməl etmək vacibdir: "Polenlərdən qorunmaq üçün küləkli havalarda açıq havada az vaxt keçirmək, qoruyucu maskalardan istifadə etmək lazımdır. Evə qayıtdıqdan sonra geyimləri dəyişmək, hətta imkan varsa, yaxalamaq məsləhətdir. Əlləri, üzü, saçları da yumaq tövsiyə olunur. Eyni zamanda küləkli havalarda evin pəncərələrini çox açmaq düzgün deyil. Həmçinin, ev tozu gənələrindən qorunmaq üçün müəyyən tədbirlər görülməlidir. Yun yorğan-döşəkdən uzaq durmaq, xüsusi qoruyucu örtüklərdən istifadə etmək, evdə yumşaq mebel və xalçaların sayını minimuma endirmək tövsiyə olunur. Yumşaq oyuncaqlardan da mümkün qədər uzaq durmaq lazımdır".
Allerqoloq deyib ki, kif göbələkləri də payız mövsümündə ciddi allergik reaksiyalara səbəb ola bilər: "Evin temperaturu və rütubətinə nəzarət edilməlidir. Hamam otağı və mətbəx tez-tez havalandırılmalıdır. Əgər evdə nəm sahələr varsa, həmin hissələr vaxtında təmir olunmalıdır. Allergiyadan əziyyət çəkən insanlar payız fəslinə hazırlaşmaq üçün həkimə müraciət etməli, müvafiq məsləhətlər almalı, ehtiyac yaranarsa müalicəyə başlamalıdırlar. Əks halda, mövsümi allergiyalar gündəlik həyat keyfiyyətini ciddi şəkildə poza bilər".