"Hazırda Böyük Qayıdış Proqramı çərçivəsində Azərbaycan dövləti ermənilər tərəfindən dağıdılmış, işğaldan azad edilmiş ərazilərdə böyük miqyaslı fəaliyyət həyata keçirir. Təbii ki, ilk növbədə vaxtilə öz yurd-yuvalarından qovulmuş yerli sakinlərin doğma torpaqlarına qaytarılması istiqamətində önəmli addımlar atılır". Bu sözləri SİA-ya açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.
Onun sözlərinə görə, artıq mərhələli şəkildə əhalinin işğaldan azad olunmuş və quruculuq işləri aparılan bölgələrə köçürülməsi prosesi gedir: "Təbii ki, işğal dövründə Azərbaycana yüz milyardlarla həcmdə ziyan vurulub. Eyni zamanda, tarixi abidələrin dağıdılması da müşahidə olunub. Mülki obyektlər və ümumi infrastruktur tamamilə məhv edilib. Bərpa-quruculuq işləri mərhələli şəkildə həyata keçirilir. Tarixi abidələrin də bərpası uğurla davam edir.
Azərbaycan dövləti bu prosesi əsasən öz gücü hesabına reallaşdırır. Beynəlxalq təşkilatların isə bu istiqamətdə hər hansı ciddi dəstəyi müşahidə olunmayıb. İşğal dönəmində də bu qurumlar ikili standartlarla yanaşma sərgiləyib, Ermənistanın işğalçılıq siyasətinə qarşı ciddi təzyiqlər göstərilməyib.
Ermənistanın Azərbaycana vurduğu zərərlərlə bağlı beynəlxalq səviyyədə tutarlı hesabatlar hazırlanmayıb. Hərçənd bəzi mərhələlərdə müəyyən etiraflar olsa da, real addımlar atılmayıb. Azərbaycan dövləti güclü dövlətdir. Öz gücünə arxalanaraq Böyük Qayıdış Proqramını uğurla icra edir. İşğaldan azad olunmuş ərazilərə həyatın qaytarılması, vətəndaşların hüquqlarının təmin olunması istiqamətində mühüm addımlar atılır. Azərbaycan bölgədə yeni geosiyasi reallıq yaradıb və artıq qlobal miqyasda önəmli aktor kimi çıxış edir. Əminəm ki, bu proses uğurla davam etdiriləcək".