"Avropa üçlüyü" ABŞ-ı İrana qarşı sanksiyaları bərpa etmək niyyəti barədə xəbərdar edib

28 Avqust 2025 09:10 (UTC+04:00)

Fransa, Almaniya, Böyük Britaniya Xarici İşlər Nazirliklərinin, eləcə də Avropa İttifaqının diplomatik xidmətlərinin rəhbərləri avqustun 28-də ABŞ dövlət katibi Marko Rubioya İrana qarşı sanksiyaların bərpası prosesinə başlamaq niyyətləri barədə məlumat veriblər. SİA xəbər verir ki, bu barədə mənbələrə istinadən "Axios" portalı məlumat yayıb.

Portal vurğulayıb ki, bu yolla Avropa ölkələri Tehrana iqtisadi təzyiqləri artıracağını gözləyirlər ki, bu da çox güman ki, İranın cavab tədbirləri görməsinə səbəb olacaq.

Daha əvvəl "Reuters" agentliyi mənbələrə istinadən xəbər verib ki, Tehranın nüvə proqramı üzrə danışıqlar uğursuz olduğu üçün "Avropa üçlüyü" ölkələri avqustun 28-də İrana qarşı sanksiyaların bərpası prosesinə başlaya bilər.

Agentliyin məlumatına görə, "Avropa üçlüyü" yaxın vaxtlarda qərarını BMT Təhlükəsizlik Şurasına yazılı şəkildə bildirməyi planlaşdırır. Bundan 30 gün sonra İranın maliyyə, bank, enerji və müdafiə sektorlarına qarşı sanksiyalar bərpa olunacaq.