Azərbaycanlı tələbələr HTP çərçivəsində Rumıniyada təqaüdlə təhsil alacaqlar

27 Avqust 2025 14:41 (UTC+04:00)

2025-2026-cı tədris ili üzrə Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Rumıniya ali təhsil müəssisələrində təhsil almaq üçün keçirilmiş müsabiqənin nəticələri açıqlanıb. Nəticələrə əsasən, 8 nəfər Azərbaycan vətəndaşı təqaüd proqramının qalibi olub. Bu barədə SİA-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Yekun qərar nəticəsində seçilən gənclər Rumıniyanın aparıcı ali təhsil müəssisələrində - Buxarest Universitetində, Buxarest Milli Politexnik Elm və Texnologiya Universitetində, Buxarest İqtisadi Tədqiqatlar Universiteti, Brasov Transilvaniya Universiteti və Sibiu Luçian Blaqa Universitetində təhsil alacaqlar.

Tələbələr bakalavriat (2 nəfər) və magistratura (6 nəfər) səviyyələri üzrə biznesin idarə edilməsi, iqtisadiyyat, kimya, informasiya texnologiyaları və beynəlxalq münasibətlər ixtisaslarında təhsil alacaqlar.

Qeyd edək ki, proqramın şərtlərinə uyğun olaraq, tələbələr əvvəlcə 1 il müddətində ödənişsiz rumın dili hazırlıq kursuna cəlb olunacaqlar. Təhsil haqqı, yataqxana, aylıq təqaüd və tibbi sığorta xərcləri Rumıniya hökuməti tərəfindən, yol xərci isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən qarşılanacaq.