"Dəhlizin açılması Cənubi Qafqaz üçün təhlükəsizlik təmin edir" - ŞƏRH EDİLDİ

27 Avqust 2025 14:04 (UTC+04:00)

"Zəngəzur dəhlizinin strateji əhəmiyyəti onun yalnız regional bir layihə deyil, qlobal bir layihə olması ilə bağlıdır. Çünki Zəngəzur dəhlizi yalnız Cənubi Qafqaz regionu üçün nəzərdə tutulmur". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Onun sözlərinə görə, bu dəhliz Avropa və Asiyanı birləşdirəcək və iki nəhəng, iqtisadi-ticari baxımdan dünyanın əsas potensialını özündə cəmləmiş qitənin arasında yükdaşımaların və nəqliyyat-kommunikasiya əlaqələrinin, iqtisadi-ticari münasibətlərin əsas tərkib hissəsi olacaq: "Zəngəzur dəhlizi bu baxımdan həddindən artıq böyük bir strateji əhəmiyyət daşıyan məsələdir.

Təbii ki, belə bir qlobal strateji layihəyə nəzarət hazırda dünya dövlətləri arasında da ciddi ziddiyyətlər yaratmaqdadır. Məsələn, Rusiya da iki qitəni birləşdirəcək bu qlobal layihəyə nəzarətdə maraqlıdır. Eyni zamanda ABŞ artıq bu hüququ rəsmi sənədlərlə əldə edib. Yəni, Zəngəzur dəhlizi indi böyük bir prosesin başlanğıcını qoyur.

Bu dəhlizin açılması Cənubi Qafqaz üçün real təhlükəsizlik təminatıdır. Eyni zamanda Zəngəzur dəhlizi Qərbin, Cənubi Qafqaz və Xəzəryanı regionlar üzərindən Orta Asiyaya çıxış əldə etməsi deməkdir. Bütün bunları nəzərə aldıqda, Zəngəzur dəhlizinin yeni dünya düzəninin formalaşmasında birbaşa təsiri ola biləcək qlobal bir layihə olduğunu qəbul etmək lazımdır. Bu baxımdan Cənubi Qafqaz hazırda olduqca böyük dəyişikliklər ərəfəsindədir və bu dəyişikliklərin birbaşa Zəngəzur dəhlizindən qaynaqlanacağı da qətiyyən şübhə doğurmur".