Almaniyada Avropanın ən böyük sursat zavodu açılır...

27 Avqust 2025 20:05 (UTC+04:00)

...Almaniyanın “Rheinmetall” konserni Almaniyanın Hannover yaxınlığında Avropanın ən böyük sursat zavodu açacaq.

SİA xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Avqustun 27-də Hannover yaxınlığındakı Unterlüssdə zavodun rəsmi açılışında “Rheinmetall” şirkətinin baş direktoru Armin Papperger, Almaniyanın maliyyə naziri və vitse-kansler Lars Klinqbeyl, müdafiə naziri Boris Pistorius və NATO-nun baş katibi Mark Rutte iştirak edəcəklər.

“Rheinmetall” zavodun tikintisinə 2024-cü ilin əvvəlində başlayıb və onun bu ilin yazının sonu və ya yayın əvvəlində açılması planlaşdırılırdı.

Sursat zavodu 2025-ci ilin ikinci rübündə sınaq fəaliyyətinə başlayıb və 2027-ci ildə tam fəaliyyətə başlayanda ildə 350.000 atış gücünə malik olacaq. Yeni zavod iki korpusdan ibarətdir: biri 155 mm-lik artilleriya mərmilərinin istehsalı, digəri isə yükləmə, yığma və qablaşdırma üçün.

İnvestisiya həcmi təxminən 500 milyon avro təşkil edir və şirkət 500-dən çox iş yeri yaradacaq.

Rheinmetall həmçinin 2026-cı ildən zavodda raket artilleriyası istehsal etməyi planlaşdırır.

Nazlı Almuradova