ABŞ ilə strateji tərəfdaşlığın əsaslarının qoyulması, Azərbaycan üçün böyük diplomatik və siyasi uğurdur - Baş nazirin müavini

27 Avqust 2025 11:59 (UTC+04:00)

Vaşinqton səfəri Azərbaycanın beynəlxalq müstəvidə artan rolunun, güclənən nüfuzunun və etibarlı tərəfdaş statusunun dünya miqyasında qəbul olunduğunu nümayiş etdirdi. SİA xəbər verir ki, bunu baş nazirin müavini Şahin Mustafayev Nazirlər Kabinetində Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunan xüsusi iclasda çıxışı zamanı deyib.

O qeyd edib ki, səfər zamanı Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığın əsaslarının qoyulması, Azərbaycan üçün böyük diplomatik və siyasi uğurdur:

“Eyni zamanda ABŞ-nin şahidliyi ilə Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanması, ölkəmizin tarixinə yazılmış növbəti qələbədir. Bu sənəd, gərgin müzakirələrin və ardıcıl diplomatik səylərin nəticəsi olmaqla yanaşı, Prezident İlham Əliyevin qətiyyətli liderliyinin, strateji düşüncə və uzaqgörən siyasətinin bariz nümunəsidir. Birgə Bəyannamədə yer alan digər mühüm məsələlərlə yanaşı, regionda nəqliyyat kommunikasiyaların açılması ilə bağlı müddəalar böyük əhəmiyyət kəsb edir”.