Körfəz ölkələrini Qara Dənizə bağlayacaq yeni marşrut yaradılacaq - Şahin Mustafayev

27 Avqust 2025 11:58 (UTC+04:00)

Cənubi Qafqazda avtomobil yolları açılandan sonra Körfəz ölkələri-Naxçıvan-Cəbrayıl-Füzuli-Ağdam-Yevlax-Qara Dəniz avtomobil marşrutu Körfəz ölkələrini Qara Dənizə bağlayan yeni marşrut olacaq. SİA xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev avqustun 26-da Nazirlər Kabinetində Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda bildirib.

"İqlim və relyefinə görə bu marşrut il boyu daimi fəaliyyət göstərəcək", - deyə o qeyd edib.

Bundan başqa, hökumət rəsmisi deyib ki, həyata keçirilən vacib infrastruktur layihələrindən biri Araz çayının üzərində inşa olunan avtomobil körpüləridir: "Ağbənd-Kəlalə və Ordubad–Siyahrud yeni avtomobil körpüləri Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək əlavə bağlantı olmaqla yanaşı region ölkələri arasında böyükhəcmli beynəlxalq daşımalara imkan yaradacaq".

O, xatırladıb ki, bir neçə gün öncə Türkiyə ilə Naxçıvanı birləşdirəcək Qars-Iğdır-Aralık-Dilucu dəmir yolu xəttinin tikintisinə də start verilib: "Uzunluğu 224 km olan və Avropa bazarlarına çıxışı təmin edəcək bu xəttin illik daşıma gücü 15 milyon ton yük təşkil edəcək. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi və yükdaşımaların fasiləsiz şəkildə həyata keçirilməsi baxımından əhəmiyyətli infrastruktur imkanlarına malik olduğu üçün hər iki istiqamətdə tranzit yüklərin daşınmasında və aşırılmasında, ölkəmiz mühüm rola malikdir. Bu baxımdan ölkəmiz böyük həcmdə yükləri daşımaq, aşırmaq və idarə etmək mərkəzinə çevrilib".

"Bütün bunlarla yanaşı kommunikasiyaların açılması həm də Cənubi Qafqazın enerji xəritəsini yenidən formalaşdıracaq, xüsusən də Azərbaycanın Avropaya və dünyaya enerji tranzit rolunu daha da artıracaq. Kommunikasiyalarının açılması regionda sülhün təmin olunması üçün tarixi bir fürsətdir. Azərbaycan isə öz növbəsində bu dəhliz vasitəsilə regionda sabitliyin və əməkdaşlığın təşviqçisi kimi çıxış edir", - deyə Ş.Mustafayev əlavə edib.