"İdman turizmi müasir dövrdə turizmin ən sürətlə inkişaf edən sahələrindən biridir və bu sahənin inkişafı ölkəyə əhəmiyyətli dərəcədə əlavə gəlir gətirmək gücünə malikdir. Çünki idman yalnız yarış və tamaşa deyil, eyni zamanda iqtisadiyyatın müxtəlif sektorlarına təsir göstərən çoxşaxəli bir fəaliyyət sahəsidir". Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Cabir Dövlətzadə deyib.
Onun sözlərinə görəğ, idman tədbirlərinin keçirilməsi ölkəyə xarici turistlərin axınını təmin edir. Beynəlxalq turnirlər, marafonlar, futbol oyunları, güləş və ya şahmat çempionatları minlərlə azarkeşi, jurnalisti və idmançını ölkəyə cəlb edir: "Bu insanlar yalnız idman yarışını izləməklə kifayətlənmirlər – onlar hotellərdə qalır, restoranlarda yemək yeyir, nəqliyyat və əyləncə xidmətlərindən istifadə edirlər. Beləliklə, turizmin bütün istiqamətlərinə əlavə gəlir axını yaranır. İkinci mühüm məqam imic və brend dəyəridir. Məsələn, Olimpiya Oyunları və ya Avropa çempionatı kimi tədbirlərin keçirildiyi ölkə beynəlxalq arenada daha çox tanınır. Bu, həmin ölkənin turizm potensialını artırır və sonrakı illərdə də turist cəlbinə şərait yaradır. Yəni idman tədbiri təkcə bir günlük qazanc deyil, uzunmüddətli turizm inkişafına təkan verən strateji vasitədir.
Üstəlik, idman turizmi yalnız beynəlxalq yarışlarla məhdudlaşmır. Daxili turizmdə də əhəmiyyətli rola malikdir. Dağlarda yürüş, velosiped turları, qış idman növləri, su idmanları və hətta kənd turizmi ilə bağlı idman fəaliyyətləri yerli əhalini də aktiv şəkildə turizmə cəlb edir. Bu isə regionların inkişafına, yeni iş yerlərinin açılmasına və yerli icmaların iqtisadi vəziyyətinin yaxşılaşmasına səbəb olur. Əlavə olaraq, idman turizminin inkişafı digər sektorlara da dolayı təsir göstərir. İnfrastruktur layihələri – yolların, stadionların, idman zallarının və otellərin tikilməsi həm yerli əhalinin həyat şəraitini yaxşılaşdırır, həm də uzunmüddətli iqtisadi dividendlər gətirir. Bu tip sərmayələr ölkənin beynəlxalq turizm bazarında rəqabət qabiliyyətini yüksəldir.
Təbii ki, burada nəzərə alınmalı risklər də var. İri idman tədbirləri üçün böyük maliyyə sərmayəsi tələb olunur. Əgər bu tədbirlər davamlı strategiya ilə müşayiət olunmasa, bir neçə günlük gəlir əldə edilsə də, sonradan infrastrukturların boş qalması mümkündür. Buna görə də idman turizmi yalnız tədbirlərin keçirilməsindən ibarət olmamalıdır, davamlı fəaliyyət planı ilə dəstəklənməlidir.
Nəticə etibarilə, idman turizmi ölkəyə həm qısamüddətli, həm də uzunmüddətli əlavə gəlir gətirə biləcək güclü vasitədir. Bu sahəyə düzgün yanaşma göstərilərsə, həm ölkənin iqtisadiyyatına, həm də beynəlxalq nüfuzuna mühüm töhfə verəcək".