Plan yerləri ən çox üçüncü ixtisas qrupunda dolub

26 Avqust 2025 19:02 (UTC+04:00)

Plan yerləri ən çox üçüncü ixtisas qrupunda dolub (99.80%). TC altqrupunda isə göstərici 100 faizdir və boş yer qalmayıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, III qrupda müsabiqə iştirakçılarının sayı və plan yerlərinin müqayisəsi müsabiqə vəziyyətinin yüksək olacağını göstərirdi. Həmçinin subbakalavrların şansları az idi. Müsabiqənin nəticələrinə əsasən, III ixtisas qrupu üzrə yalnız abituriyentlər tələbə adını qazana biliblər.

II ixtisas qrupu üzrə də 98.12 faiz olmaqla plan yerləri kifayət qədər dolub. Burada subbakalavrların da şansı var idi. Ən çox subbakalavr (3079 nəfər) məhz II qrup üzrə ixtisaslara qəbul olunub.

I qrup ixtisasları üzrə də subbakalavrların imkanları var idi və 2842 nəfər qəbul olunub. Ümumilikdə I ixtisas qrupunda plan yerləri 92.25 faiz dolub. IV və V ixtisas qruplarında isə plan yerləri müvafiq olaraq 95.39 faiz və 96.84 faiz dolub.