Exxon Mobil”in dəstəyi ilə Azərbaycanda qeyri-ənənəvi neft yatağı kəşf edilə bilər - Mikayıl Cabbarov

26 Avqust 2025 17:02 (UTC+04:00)

Azərbaycan ABŞ-nin “Exxon Mobil” şirkətinin dəstəyi ilə ölkədə böyük qeyri-ənənəvi neft yatağının kəşfinin həyata keçirilməsinə ümid bəsləyir. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabinetində Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda bildirib.

Onun sözlərinə görə, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Exxon Mobil” arasında Əməkdaşlıq haqqında Memorandumun imzalanması enerji sahəsində əlaqələrin inkişafına müsbət təsir edəcək.

Nazir vurğulayıb ki, Azərbaycanın region və dünyanın enerji təhlükəsizliyinə töhfəsi Vaşinqtonda keçirilən görüşlərdə xüsusi olaraq vurğulanıb: “Azərbaycan bu gün ABŞ-nin 10müttəfiqini təbii qazla təchiz edir. Ümumilikdə Azərbaycandan boru kəmərləri ilə qaz tədarükü 14 ölkəni əhatə edir. Ölkəmiz bu yaxınlarda Suriyaya qaz tədarük etməyə başlayıb. ABŞ İsrail və Birləşmiş Ərəb Əmirlikləri kimi müttəfiqlərinin neft-qaz hasilatında Azərbaycanın iştirakını təqdirəlayiq hal kimi vurğulayıb”.

M.Cabbarov söyləyib ki, Azərbaycanın elektrik enerji resursları, o cümlədən bərpa olunan enerji potensialı ölkənin məlumat mərkəzi infrastrukturu və süni intellekt texnologiyalarına sərmayələr qoyulması üçün Azərbaycanı cəlbedici məkana çevirir: “Azərbaycan strateji əhəmiyyət daşıyan Mərkəzi Asiya və Cənubi Qafqaz regionu arasında bir sıra layihələrin həyata keçirilməsi üçün əvəzedilməz rol oynayır”.