Gənclərin idmana marağının azalmasının əsas səbəbləri hansılardır?

26 Avqust 2025 14:51 (UTC+04:00)

"Gənclərin idmana marağının azalması bu günün aktual sosial problemlərindən biridir və bunun arxasında bir sıra ciddi səbəblər dayanır. Müasir dövrdə texnologiyanın sürətli inkişafı gənclərin həyat tərzinə böyük təsir göstərib". Bu sözləri SİA-ya açıqlamasında idman şərhçisi, Azərbaycanın əməkdar jurnalisti Fikrət Adıgözəlli deyib.

Onun sözlərinə görə, onların əksəriyyəti boş vaxtını açıq havada və ya idmanla məşğul olmaq əvəzinə telefon, kompüter və digər cihazlar qarşısında keçirir. Sosial şəbəkələrin və rəqəmsal əyləncələrin geniş yayılması gənclərin passiv həyat tərzinə meyillənməsinə səbəb olur: "Eyni zamanda, təhsil proqramlarının yüklü olması gənclərə idmanla məşğul olmaq üçün kifayət qədər vaxt buraxmır. Məktəb və universitet dərsləri, imtahan hazırlıqları, əlavə kurslar onların gündəlik həyatının əsas hissəsini tutur. Nəticədə idman onlar üçün prioritetdən çox əlavə bir fəaliyyətə çevrilir.

Mühit və ailə də bu məsələdə vacib rol oynayır. Bəzi valideynlər idmanı gələcək üçün vacib bir inkişaf sahəsi deyil, sadəcə hobi kimi qəbul edir və övladlarının bu istiqamətdə fəaliyyətinə kifayət qədər dəstək vermirlər. Halbuki idman sağlamlıqla yanaşı, gənclərin intizamlı böyüməsinə, komanda ruhunu formalaşdırmasına və sosial bacarıqlarının inkişafına kömək edir. Digər tərəfdən, idman infrastrukturunun yetərsizliyi də problem yaradır. Bölgələrin hamısında idman zalları, meydançalar və müasir şərait mövcud deyil. Bu isə gənclərin imkanlarını məhdudlaşdırır, həvəsini azaldır. Şərait olmadıqda idmana marağın da zəifləməsi təbiidir.

Sağlam həyat tərzinin təbliğatının zəif aparılması da diqqətdən kənarda qalmamalıdır. Media və sosial şəbəkələrdə əyləncə və fərqli həyat tərzi ilə bağlı mesajlar daha çox önə çıxır, idmanın faydaları isə lazımınca vurğulanmır. Halbuki düzgün istiqamətləndirmə və müsbət nümunələrin təqdim olunması gəncləri idmana daha çox həvəsləndirə bilər.

Ümumilikdə, gənclərin idmana marağının azalması yalnız bir səbəblə bağlı deyil, bir sıra amillərin təsirindən yaranır. Bu problemin həlli üçün dövlət, təhsil müəssisələri, ailələr və media birgə şəkildə fəaliyyət göstərməlidir. Əlçatan infrastrukturun yaradılması, sağlam həyat tərzinin təbliği və gənclərin stimullaşdırılması idmana marağın artmasına mühüm töhfə verə bilər".