"Mehriban xanım Azərbaycanın simasını dünyaya göstərdi" - ŞƏRH EDİLDİ

26 Avqust 2025 12:00 (UTC+04:00)

"2003-cü ildə İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçiləndə ölkə ərazisinin 20%-i düşmən işğalı altında idi. 1 milyon insan qaçqın və köçkün həyatı yaşayırdı. ATƏT-in Minsk qrupunda Azərbaycanı inandırmağa çalışırdılar ki, müharibəni dayandırmaq və sülh əldə etmək üçün itirilmiş torpaqlar düşmənə verilməlidir. Lakin İlham Əliyev xalqın ümidlərini və arzularını anlayaraq birmənalı olaraq torpaqların azad olunmasını və ərazi bütövlüyünün bərpa edilməsini qarşısına məqsəd qoydu". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib.

Onun sözlərinə görə, belə ağır və çətin dövrdə Mehriban xanım Əliyeva diqqət mərkəzinə gəldi: "O, bir tərəfdən xalqı ruhlandırır, digər tərəfdən Heydər Əliyev Fondunu yaratmaqla Azərbaycan mədəniyyətini dünyaya tanıdırdı. Mehriban xanım nümayiş etdirdi ki, Azərbaycan xalqı yaradıcı, sülhsevər, ədalətli xalqdır və heç bir dövlətin ərazisində gözü yoxdur. Ona görə də onun torpaqları işğalda qala bilməz. Mehriban xanımın siyasi fəaliyyəti cəmiyyətə böyük təsir göstərdi. Onun ən böyük xidmətlərindən biri muğam sənətini dirçəltmək oldu. Müharibə şəraitində belə bu sahədə fəaliyyət göstərdi və bu gün də bu ənənə uğurla davam edir. Mehriban xanım eyni zamanda Avropa şəhərlərində – Fransada Luvr muzeyində, Vatikanın katakombalarında restavrasiya işləri aparmaqla Azərbaycanın mədəniyyətə olan bağlılığını göstərdi.

Mehriban xanım həm də sevimli bir anadır. İşğaldan əziyyət çəkən insanlarla görüşərkən uşaqları bağrına basaraq göstərdi ki, o, xalqın içindədir. Onun dini abidələrə münasibəti də xüsusi qeyd olunmalıdır. Azərbaycanın müxtəlif bölgələrində yüzlərlə məscidin bərpasında şəxsən iştirak edib.

2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra isə Mehriban xanımın fəaliyyəti daha da əhəmiyyətli oldu. Azad olunmuş torpaqlara ilk səfəri zamanı dağılmış məscidlərə baş çəkdi və onların bərpasını təşəbbüs etdi. Mehriban xanımın xidmətləri Azərbaycanın ərazi bütövlüyünün bərpası, mədəniyyətin və musiqinin inkişafı, dini və tarixi abidələrin bərpası, din-dövlət münasibətlərinin formalaşması, startapların və innovativ təşəbbüslərin dəstəklənməsi, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə yayılması sahələrini əhatə edir.

Mehriban xanım Azərbaycanda elm və təhsilin inkişafında, yeni məktəblərin tikintisi və bərpasında əvəzsiz xidməti olan bir ziyalıdır, maarifçidir. Heydər Əliyev Fondunun ən uğurlu missiyalarından biri də Azərbaycanın ayrı-ayrı bölgələrində yeni məktəblərin tikintisi, yeni təhsil ocaqlarının açılmasıdır. Mehriban xanım bu sahədə də Azərbaycanda uğurlu işlər görür və bu uğurlu işlərin nəticəsidir ki, gənclər ən böyük uğurlar qazanmaqla bunu dünyaya bəyan edirlər.

Bu gün Mehriban xanım Əliyevanın doğum günüdür. Bütün Azərbaycan xalqı onu ürəkdən təbrik edir. O, xalqın içindədir, xalq onu sevir və ona inanır. Qarabağda həyata keçirilən bütün bərpa və quruculuq işlərində Mehriban xanımın izini görmək mümkündür. Onun dua dolu siması, xalqına sevgisi və əzmi hər kəsə nümunədir".