"Sərgilər dizaynerlərin beynəlxalq mövqeyini möhkəmləndirir" - AYDINLIQ GƏTİRİLDİ

26 Avqust 2025 11:13 (UTC+04:00)

"Beynəlxalq sərgilər dizaynerlər üçün yalnız yaradıcılıq nümayişi deyil, həm də yeni bazarlara çıxış, qlobal əlaqələr və tanınma imkanları deməkdir". Bunu SİA-ya açıqlamasında rəssam modelyer Səkinə Əliyeva deyib.

Onun sözlərinə görə, bu sərgilərdə iştirak dizaynerin həm brend imicini gücləndirir, həm də beynəlxalq moda dünyasında mövqeyini möhkəmləndirir: "Burada həm alıcılar, həm də mətbuat nümayəndələri iştirak edir, bu isə brendin tanınmasını sürətləndirir.

Yeni əlaqələr və şəbəkə qurmaq — xarici sərgilər dizaynerlərə distribütorlarla, butik sahibləri ilə, moda evləri və stilistlərlə tanış olmaq imkanı yaradır. Qlobal əməkdaşlıqlar üçün ilk addım çox vaxt məhz sərgilərdə atılır.

Trendlərlə ayaqlaşmaq — dünyada hansı üslubların, materialların və texnologiyaların aktuallığını izləmək üçün sərgilər ən doğru yerdir. Dizaynerlər həm ilhamlanır, həm də bazarın istiqamətini görürlər.

Beynəlxalq sərgilərdə iştirak məhsulların xarici bazara çıxışını asanlaşdırır. Xaricdə distribütor, investor və ya müştəri tapmaq şansı artır.

Prestij və etibar — tanınmış sərgilərdə iştirakı olan dizaynerlər həm yerli, həm də beynəlxalq səviyyədə daha etibarlı qəbul olunurlar. Bu da brendin imicinə əlavə güc verir".