"Xarici sərmayələrin artması istənilən ölkə üçün iqtisadi inkişaf baxımından mühüm əhəmiyyət daşıyır. Bu proses həm yeni imkanlar açır, həm də müəyyən risklər doğurur. Sərmayələrin ölkəyə daxil olması ilk növbədə əlavə kapital axını deməkdir. Bu kapital yalnız maliyyə dəstəyi ilə məhdudlaşmır, həm də müasir texnologiyaların, qabaqcıl istehsal metodlarının və idarəetmə təcrübəsinin gətirilməsinə səbəb olur". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Emin Qəribli deyib.
Onun sözlərinə görə, iqtisadiyyatın müxtəlif sahələrində yenilənmə və modernizasiya sürətlənir. Yeni sərmayələr nəticəsində iş yerləri açılır, əmək bazarında aktivlik artır və dövlət büdcəsinə əlavə vergi daxilolmaları təmin olunur. Bundan başqa, xarici şirkətlərin fəaliyyəti istehsalın keyfiyyətinin yüksəldilməsinə və məhsul çeşidinin zənginləşdirilməsinə imkan yaradır ki, bu da ölkənin ixrac potensialını gücləndirir və beynəlxalq bazarlara çıxışını asanlaşdırır: "Bununla yanaşı, xarici sərmayələrin sürətlə artması müəyyən risklər də doğura bilər. Böyük maliyyə resurslarına, müasir texnologiyalara və geniş satış imkanlarına malik olan xarici şirkətlər yerli bazarda güclü mövqe qazanaraq, xüsusilə kiçik və orta sahibkarlar üçün ciddi rəqabət yaradırlar. Belə bir şəraitdə yerli istehsalçılar məhsullarının maya dəyəri, keyfiyyəti və marketinq imkanları baxımından geridə qala bilirlər. Bu isə onların bazardakı payının azalmasına, hətta bəzi hallarda istehsalın zəifləməsinə gətirib çıxara bilər. Uzunmüddətli perspektivdə belə bir vəziyyət yerli sənayenin inkişafına mənfi təsir göstərə bilər.
Bütün bunlar göstərir ki, xarici sərmayələrin faydalı və dayanıqlı təsirini təmin etmək üçün dövlətin iqtisadi siyasəti həlledici rol oynayır. Əgər dövlət balanslı tənzimləmə mexanizmləri tətbiq edirsə - məsələn, yerli istehsalçılar üçün vergi güzəştləri təqdim olunur, güzəştli kredit imkanları yaradılır, ixrac stimulları verilir və texnoloji modernizasiya proqramları həyata keçirilirsə - o zaman xarici sərmayələr yalnız rəqabəti artırmaqla kifayətlənmir, həm də yerli istehsalçıların inkişafına təkan verir. Belə bir yanaşma şəraitində bazarda sağlam rəqabət mühiti formalaşır, yerli sahibkarlar beynəlxalq təcrübədən öyrənərək öz məhsullarının keyfiyyətini və rəqabət qabiliyyətini artırırlar.
Xarici sərmayələrin artması özü-özlüyündə təhlükə deyil, əksinə ölkə iqtisadiyyatı üçün mühüm inkişaf vasitəsidir. Lakin bunun faydalarının maksimum dərəcədə reallaşması üçün yerli istehsalçıların maraqlarının qorunması və dəstəklənməsi vacibdir. Dövlətin həyata keçirdiyi düzgün və balanslı siyasət nəticəsində həm xarici sərmayələrin gətirdiyi imkanlardan səmərəli istifadə etmək, həm də yerli sahibkarların bazarda mövqeyini gücləndirmək mümkündür. Bu isə uzunmüddətli perspektivdə dayanıqlı iqtisadi artımı təmin edəcək əsas faktorlardan biri hesab olunur".