"Beynəlxalq vədlər yerinə yetirilmədi" - MÜNASİBƏT BİLDİRİLDİ

26 Avqust 2025 10:00 (UTC+04:00)

“Böyük Qayıdış” proqramı II Qarabağ müharibəsindən sonra Azərbaycanın işğaldan azad edilmiş rayonlarında və Şərqi Zəngəzurda dirçəliş işlərinin aparılmasını və əvvəllər bu ərazilərdə yaşamış insanların öz dədə-baba torpaqlarına qaytarılmasını nəzərdə tutur". Bu barədə siyasi ekspert Abutalıb Səmədov SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu layihə əsasən dağılmış şəhərlərin, Qarabağın xarabalığa çevrilmiş torpaqlarının yenidən bərpa olunması, ağıllı kəndlərin və digər infrastruktur obyektlərinin inşasını əhatə edir: "II Qarabağ müharibəsindən əvvəl beynəlxalq təşkilatlar və qurumlar Azərbaycana vəd edirdilər ki, sülh sazişi imzalandıqdan sonra işğal altında olan rayonların yenidən qurulması üçün beynəlxalq donorlar bu işə cəlb olunacaq və Ermənistan işğalının nəticəsində dağıdılmış ərazilər beynəlxalq maliyyə qurumlarının dəstəyi ilə bərpa ediləcək. Ancaq çox təəssüf ki, bu vədlər reallaşmadı və işğaldan azad olunmuş ərazilərin bərpası, minalardan təmizlənməsi, infrastruktur obyektlərinin inşası tamamilə Azərbaycan hökumətinin üzərinə düşdü. Yalnız bir neçə Mərkəzi Asiya dövləti müəyyən yardım göstərdi, amma bu da Azərbaycanın ehtiyaclarını qarşılayacaq səviyyədə deyil.

“Böyük Qayıdış” proqramı çərçivəsində beynəlxalq tərəfdaşlıq və xarici siyasi dəstək əsasən proqramın maliyyələşdirilməsi və davamlı inkişafının təmin olunmasını hədəfləyir. Proqram işğaldan azad olunmuş ərazilərdə infrastrukturun bərpa olunması, iqtisadi dayanıqlığın təmin edilməsi və əhalinin sosial-iqtisadi inkişafına dəstək verilməsini nəzərdə tutur.

Beynəlxalq tərəfdaşlıq, investorların cəlb edilməsi və bu əlaqələrin qurulması proqramın məqsədlərinə nail olmaq üçün vacibdir. Lakin təəssüf ki, bəzi dost ölkələrin şirkətləri bu prosesə cəlb olunsa da, görülən işlərin əksəriyyəti dövlət büdcəsi hesabına həyata keçirilir. Bu da təbii ki, Azərbaycan üçün kifayət qədər çətinlik yaradır.

Üstəlik, qonşu dövlətlər – xüsusən İran – bəzi xarici şirkətlərin, o cümlədən İsrailə məxsus şirkətlərin bu prosesə cəlb olunmasına qısqanclıqla yanaşır. İsrail şirkətlərinin gördüyü işlər təhrif olunur, iddia olunur ki, guya Azərbaycanın ərazisində İsrailin kəşfiyyat mərkəzi yaradılıb və oradan İrana qarşı fəaliyyətlər həyata keçirilir. Bu da müəyyən risklər yaradır və nəticədə 12 günlük müharibə zamanı İran daxilində müəyyən dairələr Azərbaycana qarşı ittihamlar irəli sürdülər. Amma sonra məlum oldu ki, bu iddiaların heç bir əsası yoxdur.

Beynəlxalq təşkilatlar və nüfuzlu dövlətlər maliyyə dəstəyi verməsələr də, texniki yardım, investorların cəlbi kimi dəstəklər hər halda arzuolunandır. Azərbaycan bu prosesə tərəfdaşları cəlb etmək üçün əlindən gələni edir. Çünki xarici ölkələrin dəstəyi ilk növbədə siyasi dəstəkdir, qayıdış prosesinin təhlükəsizliyinin və siyasi sabitliyin təmin olunmasında mühüm rol oynaya bilər. Xarici siyasi dəstək həm də beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətin təmin olunmasına xidmət edir.

Vaşinqtonda keçirilmiş son görüş və imzalanmış sənədlər bu istiqamətdə atılmış ən mühüm addımlardan biri sayılır. ABŞ və Azərbaycan arasında strateji tərəfdaşlıq memorandumunun hazırlanması və imzalanması, qayıdış proqramının daha sürətli və təhlükəsiz şəkildə icrasında həlledici rol oynaya bilər. Böyük şirkətlərin bölgəyə investisiya qoymasını təmin edə bilər.

Amma bir daha təəssüf hissi ilə qeyd etməliyik ki, görülən bütün işlərə baxmayaraq, “Böyük Qayıdış” proqramının həyata keçirilməsinin əsas yükü Azərbaycan dövlətinin üzərinə düşür və biz bu işi kifayət qədər uğurla həyata keçiririk".