"Prezidentin səfərləri Azərbaycanın gələcək inkişafını təmin edir" - MÜNASİBƏT BİLDİRİLDİ

25 Avqust 2025 13:49 (UTC+04:00)

"İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə intensiv səfərləri həqiqətən də çox mühümdür". Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.

Turan Rzayev sözlərinə belə davam edib: "Dövlət başçısı 44 günlük müharibə və lokal xarakterli antiterror əməliyyatlarından sonra bərpa edilən ərazi bütövlüyü və sonrasında elan edilən “Böyük Qayıdış” və yenidənqurma proseslərini yaxından izləyir və özü birbaşa bu səfərlər vasitəsilə proseslərə nəzarət edir.

Çünki məsələ yalnız torpaqların işğaldan azad edilməsi deyil, həmin ərazilərin sürətli bərpası və eyni zamanda insanların oraya qayıdışı, həyatın bərpası ölkənin və cənab Prezidentin hazırda prioritet siyasətlərindən biridir.

Dövlət başçısının hər səfərində yerli sakinlərlə görüşməsi, onların məişət şəraitilə maraqlanması və birbaşa ünsiyyət qurması çox müsbət haldır və cənab Prezidentin xalqla yaxın olan lider imicindən irəli gələn addımlardır.

Bu həm də sosial vəziyyətin yerində öyrənilməsi baxımından faydalıdır. Nəticə etibarilə, Prezidentin səfərləri həm siyasi, həm sosial, həm də iqtisadi baxımdan çox önəmlidir və Azərbaycanın gələcək inkişaf strategiyasının mühüm hissəsini təşkil edir. Kəlbəcər Azərbaycanın strateji və tarixi baxımdan çox mühüm bir ərazisidir.

Cənab Prezidentin də dediyi kimi, Kəlbəcərin işğalı keçmiş hakimiyyətlərin ən böyük səhvi və bağışlanmaz tarixi yanlışlığı idi. Əslində bu ərazi coğrafi baxımdan müdafiə üçün əlverişli idi və orada müdafiə qurulsaydı, Ermənistanın işğalının qarşısını almaq mümkün olardı. Kəlbəcər kimi mürəkkəb relyefə malik bir ərazini döyüşsüz şəkildə təslim etmək tarixi faciə idi.

Tarixi ədalət Prezident İlham Əliyevin diplomatik səyləri nəticəsində bərpa olundu və Kəlbəcər bir güllə atmadan Azərbaycana qaytarıldı.

Əminliklə demək olar ki, əgər Kəlbəcər uğrunda döyüş aparılsaydı, bu bizim şəhid və qazi sayımızın bir neçə dəfə çox olması ilə nəticələnərdi, çünki buranın relyefi müharibə aparmaq üçün son dərəcə çətindir.

Kəlbəcər həm də təbii sərvətlər baxımından zəngin, dağ-mədən sənayesi və turizm üçün böyük potensiala malik bir rayondur.

Gələcəkdə Kəlbəcərin Azərbaycanın əsas dağ-mədən sənayesi və turizm mərkəzlərindən birinə çevrilməsi tamamilə mümkündür. Bütün bunlar isə bu ərazidə məskunlaşmanın sürətlənməsi və infrastrukturun qurulması ilə birbaşa bağlıdır".