Azərbaycanlı tarzənin konserti Almaniyanın ARTE TV telekanalında nümayiş olunub - FOTOLAR

25 Avqust 2025 12:09 (UTC+04:00)

Tarzən, Əməkdar artist, Özbəkistanın mədəniyyət elçisi Sahib Paşazadənin Almaniyanın “Bridje kamera” orkestri ilə konserti nüfuzlu ARTE TV telekanalında nümayiş olunub.

Qeyd edək ki, konsert bu ilin aprel ayının 12-də Almaniyanın Frankfurt şəhərində “Sendesaale” konsert salonunda baş tutub. Konsertlə bağlı məlumat verən tarzən bildirib ki, “Bridje kamera” orkestri (Bridges Kammerorchester) Almaniyada kifayət qədər nüfuza malik və öz repertuarı ilə seçilən musiqi kollektivlərindən biridir. İlk dəfə 2023-cü ildə bu orkestrlə çıxış edən tarzən vurğulayır ki, orkestrin özəlliyi ondadır ki, burada həm qərb həm də şərq alətləri yer alır. Orkestrdə şərq alətləri sırasına tar, kamança, qanun, ney, zərb alətləri, həmçinin latın amerika, monqol və çin milli alətləri daxildir. Orkestr repertuarında klassik nümunələrlə yanaşı müasir bəstəkarların əsərlərinə də geniş yer ayırır. Hələ 2023-cü ildə bu orkestrlə birlikdə İ.S.Bax, L.V. Bethoven, Vivaldinin əsərləri ilə bərabər müasir bəstəkarların əsərlərini də ifa etdim.

2023-cü ildə çox geniş repertuara malik orkestr not və improvizə bacarığına malik tarzən axtarışında olarkən Almaniyada yaşayan həmyerlimiz, bəstəkar-musiqişünas Xədicə Zeynalovaya müraciət edir. Xədicə xanım da orkestrə mənimlə birgə çalışmağı məsləhət bilir. 2023-cü ildə iyun- iyul, sentyabr- oktyabr – noyabr aylarında 12-ə yaxın şəhərdə müxtəlif repertuarla çıxışlarımız oldu. Bu konsertlər çox böyük rezonans doğurdu və bəyənildi. Konsertləri fərqli dirijorlar idarə edirdi və onlardan biri də məşhur dirijor Harish Shankar idi və Harish Shankardan 2025-ci ildə 4 fərqli fəsildə çıxış üçün dəvət aldım. Həm işlərin çoxluğu həm də digər səfərlərlə əlaqədar yalnız aprel ayında baş tutan konsertdə çıxışa razılaşdım. Buna da əsas səbəb o idi ki, konsert üçün Əli Rza Megrazi , Hindol Deb və Peter Klohmann solo tar üçün “Fərqlilik” adlı əsər yazmışdılar və bu əsərin solo ifaçısı olaraq orkestr məni dəvət etmişdi. Kifayət qədər böyük bir auditoriya Azərbaycan tarının "Bridje kamera" orkestri ilə çıxışını izləmiş oldu və konsert böyük anşlaq, alqışlarla qarşılandı. Konsert bütövlükdə “Zaman və məkandan kənarda” adı ilə təqdim olunurdu.

Onu da xüsusi vurğulmaq yerinə düşərdi ki, 2023-cü ildə “Bridje kamera” orkestri ilə Xədicə Zeynalovanın tar və orkestr üçün “Yanardağ” əsərini də solo olaraq ifa etmişəm. Orkestr mütəmadi olaraq Azərbaycan bəstəkarlarının əsərlərinə müraciət edir. Bu sıradan Həsən Rzayevin “Çahargah” əsərini də qeyd edə bilərik. Bu illər ərzində orkestrdə bir neçə Azərbaycan bəstəkarının əsəri səslənib. Kollektiv növbəti illərdə Azərbaycandan olan gənc bəstəkarlarla birgə çalışmaq eyni zamanda ölkəmizdə təşkil edilən festivallara qatılmaq arzusundadır. Həm tərkib həm də ultramüasir əsərlərə müraciət baxımından bu orkestrlə çıxış etmək çox xoşdur. Almaniyanın şəhərlərində tanınan orkestrlə Azərbaycanın milli musiqi aləti, UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil olan tar alətimizi təbliğ etmək mənim üçün ifaçı olaraq əlbəttə ki, fəxrdir. Tar alətimizin texniki imkanları, orkestrlə həm notlu həm də improvizə şəklində çıxışlarım tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı.

Onu da qeyd edək ki, 2019-cu ildə yaradılan orkestrin yaradıcısı fleyta ifaçısı Johanna Leonore Dahlhoffdur. Peşəkar və çox istedadlı musiqiçilərdən ibarət kollektiv Sahib Paşazadə Almaniyada olduğu müddətdə simli alətlər qrupuna rəhbərliyi ona həvalə edir. Bu da Azərbaycan ifaçısının peşəkarlığına və milli musiqimizə verilən çox böyük dəyər və inamdır.

Almaniyanın və Avropanın ən məşhur konsert salonlarında çıxış edən orkestrin yetərincə öz dinləyici auditoriyası var.

Müstəqil kamera orkestri dəyişən beynəlxalq qonaq dirijorlar və solistlər olmaqla daimi heyətlə çıxış edir. Ansambl öz multikultural repertuarını yaradır. Dövlət tərəfindən və özəl sektordan böyük dəstək alan orkestr peşəkar şəkildə tərkibini inkişaf etdirib. Almaniya və Avropanın şəhərlərində uğurla konsertlər verən kollektiv Özbəkistanda təşkil edilən “Şərq təranələri” festivalının da iştirakçısı olub. Orkestr eyni zamanda böyük festivallar və təhsillə bağlı layihələrdə yaxından iştirak edir.