"Texnologiya balanslı yanaşma tələb edir" - AYDINLIQ GƏTİRİLDİ

25 Avqust 2025 11:28 (UTC+04:00)

"Robotlarla danışmaq insan ünsiyyətini birinci növbədə çox azaldır. İnsanlar sosial ünsiyyət qurmayacaq hala gəlirlər və artıq gərginləşirlər. Bildiyimiz kimi ChatGPT çıxıb, hansı ki, psixoloq kimi onlarla dərdləşirlər. Bu, bəzi hallarda intihara belə gətirib çıxara bilər. Çünki o, səni bir robot olaraq yönləndirir, bir insan kimi duyğularla yox. Burada insani duyğulardan söz gedə bilməz".Bunu SİA-ya açıqlamasında psixoloq Ezgi Şahın deyib.

O bildirib ki, texnologiya artdıqca insanların işsizlik səviyyəsi də artır: "Bu da olduqca təhlükəli bir haldır. Çünki insan işsiz qaldıqca depressiyaya düşə bilir. Belə hallarda nə məhsuldarlıq göstərə bilir, nə də cəmiyyətə fayda verə bilir. İnsanlar ümumiyyətlə məhsuldar olmalıdırlar — nəsə istehsal etməli, yararlı fəaliyyət göstərməli və bunun qarşılığında qazanc əldə etməlidirlər. Bu proses olmadığı zaman isə depressiya, hətta intihar halları ilə nəticələnə bilər.

Robotlarla və süni intellektlə qurulan ünsiyyətin gerçək emosional bağlardan uzaq olması ciddi sosial və psixoloji nəticələr doğura bilər. İnsanlar zamanla bu texnologiyalarla emosional bağ qurmağa başlayır, öz problemlərini onlarla paylaşır və onları daxili dünyalarına daxil edirlər. Bu isə insanlarda asılılıq yaradır. Robotlardan gələn cavablar real empatiyaya əsaslanmadığı üçün, insan psixikasına yanlış təsir edə bilər. Zamanla insanlar bu cavablara kor-koranə inanmağa başlayar və onları həyatda rəhbər tutmağa meyillənərlər.

Bu proses, yaxınlarımızın fikrinə verdiyimiz dəyər kimi, süni intellektin də təsir gücünü artırır. Bu isə insan davranışlarını formalaşdırmağa, yönləndirməyə səbəb ola bilər. Psixoloqlar bu tendensiyanın artıq uşaqlarda və böyüklərdə ciddi təsirlər göstərdiyini müşahidə edirlər — xüsusən də oyunlar və texnologiyanın intensiv istifadəsi ilə bağlı. Nəticədə işsizlik artır, insanlar yaradıcılıqdan uzaqlaşır və psixoloji gərginlik, depressiya halları çoxalır.

Bu səbəbdən texnologiyanın inkişafı ilə yanaşı, insan psixikasını qoruyan balanslı yanaşma şərtdir".