"Son illər Azərbaycandan xaricdə təhsil almaq və ya yaşamaq istəyən gənclərin sayı nəzərəçarpacaq dərəcədə artmaqdadır". Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.
O bildirib ki, bu tendensiya artıq fərdlərin şəxsi qərarı deyil, kütləvi meyil xarakteri daşıyır və bu hal cəmiyyətin diqqət yetirməli olduğu ciddi bir sosial problem kimi qiymətləndirilməlidir: "Təhsilli və bacarıqlı gənclərin xarici ölkələrə köç etməsi bir sıra sosial, iqtisadi və intellektual problemlərin yaranmasına səbəb olur. Bu proses nəticəsində ölkədə ixtisaslı kadr çatışmazlığı meydana gəlir, elmi, texnoloji və innovativ inkişaf ləngiyir. Eyni zamanda dövlətin həmin gənclərin təhsilinə sərf etdiyi resurslar və investisiyalar boşa çıxır, çünki həmin bilik və bacarıqlar ölkənin deyil, başqa ölkələrin inkişafına xidmət edir.
Gənclərin ölkəni tərk etməsi sosial dinamikanın zəifləməsinə gətirib çıxarır. Cəmiyyətin dəyişiklik və yenilik potensialını daşıyan enerjili təbəqənin azalması nəticəsində yenilikçi düşüncə və təşəbbüslər zəifləyir. Nəticədə ölkədə sosial passivlik artır, cəmiyyətin yaş ortalaması yüksəlir və gənclərin ictimai və iqtisadi həyatda rolu məhdudlaşır.
Bu vəziyyətin əsas səbəbləri sırasında işsizlik, layiqli əmək şəraitinin olmaması, sosial ədalətsizlik və gələcəyə olan ümidsizlik və s. faktorlar önə çıxır. Gənclər daha yaxşı həyat şəraiti, inkişaf imkanları və şəxsi azadlıqlar axtarışı ilə xarici ölkələrə üz tuturlar.
Nəticə etibarilə, təhsilli gənclərin ölkədən getmək meyli Azərbaycanda yalnız fərdi seçim deyil, cəmiyyətin sosial-iqtisadi vəziyyətindən qaynaqlanan və dərin struktur problemlərin göstəricisi olan mühüm bir sosial problemdir. Bu problemin qarşısını almaq üçün dövlət səviyyəsində effektiv siyasətlərin həyata keçirilməsi, gənclərin ölkə daxilində inkişaf və özünüreallaşdırma imkanlarının artırılması zəruridir".