Azərbaycanın müasir tarixində ən böyük dönüş nöqtəsi 2020-ci ilin payızında baş verdi. 44 günlük Vətən Müharibəsindəki Şanlı Qələbəmiz ilə Ordumuz uzun illərin həsrətinə son qoyaraq ərazi bütövlüyümüzü bərpa etdi. Bu müharibə sadəcə hərbi qələbə deyildi, həm də milli iradənin, xalq-dövlət birliyinin və beynəlxalq ədalətsizliyə qarşı dirənişin təntənəsi idi. Azərbaycan Ordusu müasir texnologiyalarla silahlanmış, lakin ən əsası Vətən sevgisi ilə ruhlanmış gənclərin şücaəti nəticəsində düşməni məğlub etdi. 44 gün ərzində xalqımız öz qəhrəmanlıq salnaməsini yazdı, işğalın davamlı olacağına inanan güclərin illərlə qurduğu siyasi və hərbi planları darmadağın etdi.
Bu Zəfər nəticəsində üç onillikdən çox davam edən işğal tarixin arxivinə gömüldü. Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu və Ağdam, Kəlbəcər, Laçın rayonları döyüşsüz, siyasi yolla Azərbaycana qaytarıldı. Bu fakt bir daha sübut etdi ki, qətiyyətli siyasi iradə, müstəqil dövlətçilik və xalqın Dəmir Yumruq kimi birliyi istənilən beynəlxalq təzyiqi və hərbi-siyasi çətinliyi dəf edə bilər.
Xüsusilə Kəlbəcərin azad olunması Azərbaycanın həm strateji təhlükəsizliyi, həm də milli mənəvi kimliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Çünki bu rayonun işğalı ilə 1990-cı illərin əvvəllərində Ermənistanla keçmiş qondarma “Dağlıq Qarabağ” arasında geniş coğrafi bağlantı yaratmış, Azərbaycan üçün böyük strateji problemlərə səbəb olmuşdu. Bu səbəbdən Kəlbəcərin qaytarılması Vətən Müharibəsinin ən önəmli nəticələrindən biridir.
Prezident İlham Əliyevin 2025-ci il avqustun 21-də Kəlbəcərə səfəri isə bu tarixi qələbənin davamı olaraq həm siyasi, həm də simvolik məna daşıyır. Artıq işğaldan azad olunmuş torpaqlara həyat qayıdır, yeni şəhərlər salınır, “Böyük Qayıdış” proqramı reallığa çevrilir. Dövlət başçısının çıxışı həm tarixi ədalətin bərpasını, həm də gələcəyə yönəlmiş inkişaf strategiyasını özündə ehtiva etdi.
2025-ci il avqustun 21-də Prezident İlham Əliyevin Kəlbəcər şəhərinə səfəri Azərbaycanın müasir siyasi tarixində 32 ildən sonra reallığa çevrilmiş “Böyük Qayıdış”ın növbəti mərhələsini ifadə edən, həm tarixi ədalətin bərpasını, həm də dövlətimizin gücünü nümayiş etdirən simvolik addım idi. Dövlət başçımızın çıxışında səsləndirdiyi məqamlar Kəlbəcərin strateji əhəmiyyətini, xalqımızın qayıdış iradəsini və dövlətimizin gələcəyə yönəlmiş inkişaf konsepsiyasını bir daha üzə çıxardı.
Cənab Prezidentin “Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik” sözləri Kəlbəcərin işğaldan azad olunmasının sadəcə hərbi-siyasi qələbə deyil, həm də milli qürurun təntənəsi olduğunu göstərir. 32 illik həsrətdən sonra kəlbəcərlilərin doğma yurdlarına qayıtması Azərbaycan xalqının iradə və dözümlülüyünün təzahürüdür. Çadırlarda, yataqxanalarda və ağır şəraitdə yaşayan məcburi köçkünlərin doğma yurda dönüşü Azərbaycan dövlətçiliyi üçün həm mənəvi, həm də sosial-siyasi baxımdan dönüş nöqtəsidir.
Dövlət başçısının nitqində xüsusi vurğulanan məqam Kəlbəcərin strateji mövqeyi idi. 1993-cü ildə Kəlbəcərin işğalı Ermənistanla o vaxtkı qondarma “Dağlıq Qarabağ” arasında genişmiqyaslı coğrafi bağlantı yaratmış və işğalın dərinləşməsinə şərait formalaşdırmışdı. İlham Əliyev açıq şəkildə bildirdi ki, o dövrdə hakimiyyət uğrunda mübarizə aparan qüvvələrin xəyanətkar siyasəti strateji ərazilərin itirilməsi ilə nəticələnmişdi. Bu isə Azərbaycanın sonrakı onilliklərdə üzləşdiyi təhlükələrin əsasını qoymuşdu.
Cənab Prezident çıxışında Ermənistanın pulsuz silahlarla təmin edilməsini, işğalçı dövlətə siyasi və hərbi dəstəyin verilməsini Azərbaycanın suverenliyinə qarşı beynəlxalq ikili standartların göstəricisi kimi dəyərləndirdi. Bununla yanaşı, İlham Əliyev vurğuladı ki, Azərbaycan heç vaxt bu reallıqla barışmayıb, güclü iqtisadiyyat və güclü ordu quraraq 2020-ci ildə öz haqq savaşını qələbə ilə yekunlaşdırdı.
44 günlük Vətən müharibəsi, həmçinin 2023-cü ilin antiterror əməliyyatı Azərbaycanın tarixi hədəflərinə çatmasını təmin etdi. Cənab Prezidentin vurğuladığı kimi, xalq və ordu bir yumruq kimi birləşərək Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi. Kəlbəcər isə bu kapitulyasiyanın nəticəsində bir güllə atılmadan azad edildi. Bu fakt Azərbaycanın gücünün yalnız hərbi sahədə deyil, həm də siyasi-diplomatik müstəvidə təsdiqidir.
Prezident İlham Əliyevin çıxışının mühüm hissəsi Kəlbəcərin bərpası və müasir şəhər kimi yenidən qurulmasına həsr olunmuşdu. O, bildirdi ki, artıq birinci yaşayış kompleksi istifadəyə verilib, növbəti komplekslərin təməli qoyulub. Yaxın illərdə 10 mindən çox sakinin məskunlaşacağı şəhərdə infrastruktur, təhsil müəssisələri, yollar və kommunikasiya tamamilə yenilənir. Bütün bu görülən işlər Azərbaycanın dövlət siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını, qayıdış prosesinin isə planlı və ardıcıl şəkildə həyata keçirildiyini göstərir.
Cənab Prezident çıxışında bir daha vurğuladı ki, 2020-ci il noyabrın 10-da müharibənin dayandırılması Azərbaycan üçün ən düzgün və rasional qərar idi. Çünki Kəlbəcərin sərt iqlimi və mürəkkəb relyefi qış aylarında böyük itkilərə səbəb ola bilərdi. Ermənistan ordusunun artıq dağılmış olmasına baxmayaraq, Murov istiqamətində möhkəmləndirilmiş istehkamların mövcudluğu əlavə çətinliklər yaradırdı. Diplomatik qələbə nəticəsində Kəlbəcər döyüşsüz qaytarıldı və bu, Azərbaycanın siyasi-hərbi üstünlüyünün bariz nümunəsi oldu.
Müharibənin dayandırılmasından 2023-cü ilin sentyabrına qədər Azərbaycan addım-addım əsas hədəfə – suverenliyin tam bərpasına doğru irəlilədi. “Fərrux”, “Qırxqız”, “Sarıbaba” əməliyyatları, Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması, qondarma “Laçın dəhlizi”nin ləğvi – bütün bunlar məqsədyönlü siyasətin tərkib hissəsi idi. 2023-cü ilin 19–20 sentyabr antiterror əməliyyatı separatçı rejimi tamamilə sıradan çıxardı və Azərbaycanın suverenliyi bərpa olundu. Bu gün həmin tarixi günlər 8 Noyabr Zəfəri ilə eyni səviyyədə dəyərləndirilir.
44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatı nəticəsində yaranmış yeni reallıqlar artıq beynəlxalq birlik tərəfindən qəbul edilib. Ermənistanın havadarlarının Azərbaycana qarşı kampaniyaları uğursuzluğa düçar oldu. Bunun əsas səbəbi Azərbaycanın haqq işinə söykənən mövqeyi, xalq–dövlət birliyi və güclü tərəfdaşlıq əlaqələridir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan heç bir ölkənin torpağını işğal etməyib, sadəcə öz ərazi bütövlüyünü bərpa edib.
Dövlət başçısının nitqində ən mühüm məqamlardan biri Azərbaycanın son onilliklərdə tam və mütləq qələbə qazanan yeganə ölkə olmasıdır. Müasir dünyada davam edən münaqişələr fonunda heç bir dövlət bu qədər qətiyyətli nəticə əldə etməyib. Azərbaycan isə düşməni kapitulyasiya aktına məcbur etməklə bərabər, regionda sülhün təminatçısına çevrilib.
Azərbaycan bu gün regionda əsas sülh təminatçısı olsa da, hər an müharibəyə hazırdır. Xüsusi təyinatlı qüvvələrin sayının artırılması, yeni komando birləşmələrinin yaradılması, pilotsuz uçuş aparatları və müasir döyüş təyyarələrinin alınması dövlətin təhlükəsizlik strategiyasının ayrılmaz hissəsidir. Cənab Prezidentin mesajı aydındır: Azərbaycanın təhlükəsizliyinin yeganə qarantı Azərbaycan xalqının özü, güclü dövləti və müasir ordusudur.
Prezident İlham Əliyevin Kəlbəcər rayonuna səfərləri azad olunmuş ərazilərin dirçəldilməsi və strateji inkişafı baxımından mühüm tarixi mərhələ təşkil edir. 2021-ci ildən etibarən dövlət başçısı Kəlbəcərdə yol-nəqliyyat, enerji və sosial infrastruktur layihələrinin təməlini qoymuş, yeni tunellərin, yaşayış komplekslərinin, məktəblərin, hərbi hissələrin və xəstəxanaların açılışını etmişdir. Xüsusilə “İstisu” sanatoriyası və mineral su zavodu, kiçik su elektrik stansiyaları, həmçinin Kəlbəcərin baş planına uyğun yaşayış məhəllələri regionun sosial-iqtisadi inkişafında dönüş nöqtəsi olmuşdur. 2025-ci ildə isə Kəlbəcər şəhərinin sakinlərinə yeni mənzillərin təqdim olunması, park və yaşayış komplekslərinin təməlqoyma mərasimləri bu torpaqlarda həyatın bərpasının real təcəssümünə çevrilmişdir.
Prezident İlham Əliyevin Kəlbəcərdəki çıxışı Azərbaycanın müharibədən sonrakı mərhələdə həyata keçirdiyi siyasətin siyasi hesabatı və strateji yol xəritəsidir. 2020-ci ilin Zəfəri, 2023-cü ilin antiterror əməliyyatı, Ermənistanla imzalanacaq sülh müqaviləsinə və Naxçıvanla quru bağlantısının təmin edilməsinə doğru atılan qətiyyətli addımlar – Azərbaycanın dövlətçilik tarixində yeni dövrün başlanğıcını göstərir.
Kəlbəcərdə ucaldılan yeni binaların fonunda səslənən Prezidentin sözləri təkcə bir rayonun dirçəlişini deyil, həm də qalib xalqın gələcəyə inamını ifadə edir. Azərbaycan artıq işğaldan əziyyət çəkən ölkə deyil, bölgədə sülhü təmin edən, inkişafı və sabitliyi diktə edən güclü dövlətdir.
Ziyafət ƏSGƏROV
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini.