Telefon asılılığı artıq xəstəlik sayılır? - ŞƏRH EDİLDİ

22 Avqust 2025 16:18 (UTC+04:00)

"Müasir dövrdə psixoloji və psixiyatrik problemlər sırasında telefon və sosial şəbəkə asılılığı da ön sıralarda yer almağa başlayıb. Əvvəllər yalnız narkotik, alkoqol və oyun asılıqları xəstəlik kimi qəbul olunurdusa, bu gün artıq telefon və kompüterdən həddindən artıq istifadə də ciddi psixiyatrik müdaxilə tələb edən problemlərdən biri sayılır".Bunu SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə,bu tip asılılıqlar insanın sinir sistemində müxtəlif pozuntulara səbəb olur: "Yuxu və qidalanma rejimində dəyişikliklər, əsəbilik, sosial münasibətlərdən uzaqlaşma, özünəqapanma, diqqət və yaddaş problemləri kimi simptomlar müşahidə edilir. Uzunmüddətli təsirdə isə beyin funksiyalarına mənfi təsir göstərərək yaddaş zəifləməsinə gətirib çıxara bilər.Bu baxımdan psixoloqlar və psixiyatrlar artıq telefon və sosial media asılılığını psixoloji xəstəliklər kateqoriyasına daxil edir və bu vəziyyətin ciddi şəkildə müalicə edilməsini vacib sayırlar. Əsas fərqlərdən biri də asılılıq, aludəçilik və istifadəçi davranışları arasında aparılır. Əgər insan gün ərzində yalnız boş vaxtlarında telefondan istifadə edirsə, bu, adi istifadə hesab olunur. Amma insan digər işlərlə məşğul olsa belə, daim telefon haqqında düşünürsə, bu artıq aludəçilikdir. Telefon və kompüterdən saatlarla fasiləsiz istifadə isə asılılıq göstəricisidir.

Psixoloq belə hallarda psixoloji dəstək və zəruri olduqda psixiyatrik müdaxilənin vacib olduğunu deyir: "Asılılığın qarşısını almaq üçün texnologiyadan istifadə balanslı olmalı, fərdi həyatla virtual həyat arasında sağlam sərhəd qorunmalıdır.