Vətəndaşları İraqdakı ziyarətgahlara aparmaq adı ilə aldadan şəxs həbs olunub

22 Avqust 2025 16:41 (UTC+04:00)

Bakı şəhəri ərazisində, eləcə də bölgələrdə çoxsaylı vətəndaşları İraqda yerləşən ziyarətgahlara aparmaq adı ilə aldadaraq pullarını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şəxs həbs olunub. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, 43 yaşlı Masallı rayon sakini Rasim Şahbazov “Instagram” sosial şəbəkəsində “Risalət Travel” adlı səhifə yaradaraq insanları ziyarətə aparmaq üçün turlar təşkil etdiyi barədə elanlar yerləşdirib. Bu yolla o, səhifəyə müraciət edən xeyli sayda zərərçəkənin müxtəlif məbləğlərdə pullarını ələ keçirib. R.Şahbazov aldatdığı şəxslərə verdiyi vədi sonradan yerinə yetirməyib və zərərçəkənləri sosial şəbəkələrdə “bloklayaraq” onlarla olan əlaqələrini dayandırıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb. R.Şahbazov təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub.

Onun barəsində məhkəmənin qərarı ilə 3 ay müddətində həbs qətimkan tədbiri seçilib. Hazırda zərər çəkmiş digər şəxslərin də dairəsinin müəyyən edilməsi məqsədilə əlavə əməliyyat-istintaq tədbirləri davam etdirilir.